27 may 2025 01:25
166

İraq Çin şirkəti ilə böyük neft müqaviləsi bağlayıb

İraq hökuməti “Tuba” neft yatağında hasilatı genişləndirmək, neft emalı zavodu və iki elektrik stansiyası tikmək üçün Çinin “Geo-Jade Petroleum” şirkəti ilə müqavilə imzalayıb.

Məlumata görə, saziş neft-kimya zavodunun və gübrə zavodunun tikintisini də əhatə edəcək. “Geo-Jade Petroleum”un inşa edəcəyi neft emalı zavodu gündəlik 200 min barel istehsal gücünə malik olacaq. Elektrik stansiyalarından biri 650 MVt, günəş enerjisi qurğusu isə 400 MVt gücə malik olacaq.

İraqın neft naziri Hayan Abdel Qani "Geo-Jade” ilə bu layihələrin İraqın neft sərvətinin inkişafında və milli iqtisadiyyatının dəstəklənməsində böyük bir sıçrayışı təmsil etdiyini deyib və razılaşmanın minlərlə iş yeri yaradacağını söyləyib.

Xatırladaq ki, “Geo-Jade Petroleum” indiyə qədər də İraqda fəaliyyət göstərirdi - o, 2026-cı ildə genişləndirilmiş hasilata başlaması planlaşdırılan “Khana” yatağına cavabdehdir.

Maliyyə üzrə dünyaca məşhur jurnalist Simon Vatkins bu ilin əvvəlində bildirib ki, bu günə qədər İraqın sübut edilmiş neft və qaz ehtiyatlarının üçdə birindən çoxu və hasilatın 66%-i Çin firmalarının idarəçiliyi altındadır.

İraq hökumətinin hasilatı əhəmiyyətli dərəcədə artırmaq, yəni gündə 7 milyon barelə çatdırmaq “ehtirası” Çin şirkətləri üçün ən yaxşı fürsətlərdən biridir. Hazırda İraq gündəlik təqribən 4 milyon barel neft hasil edir ki, bu da OPEC+ hasilat kvotasını üstələyir və bu, OPEC-in bir nömrəli ölkəsi olan Səudiyyə Ərəbistanı ilə gərginlik yaradıb.

Çin şirkətlərinin İraqın neft və qaz sektoruna daxil olması 2019-cu ildə imzalanmış və “Yenidənqurma və İnvestisiya üçün Neft” adlandırılan sazişin nəticəsidir. Bu müqaviləyə əsasən Çin şirkətlərinə neft tədarükü müqabilində İraqın enerji infrastrukturu sektoruna investor kimi daxil olmaq hüququ verilir.

Nubar Süleymanova, “İki sahil”