Hər bir xalqın tarixində qürurverici məqamlar, millətin öz kimliyini dünyaya bəyan etdiyi anlar mövcuddur. 28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün bu baxımdan mühüm mənəvi-siyasi əhəmiyyətə malikdir.
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, həm də bütün Şərq və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi respublikası kimi tarixə düşmüşdür.
Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə xalqımız öz taleyinin sahibi olduğunu dünyaya bəyan etmişdir. Bu sənədin ruhunda xalq hakimiyyəti, hüquq bərabərliyi, söz və vicdan azadlığı kimi mütərəqqi prinsiplər əksini tapmışdır. Cümhuriyyət parlamenti çoxpartiyalı sistem əsasında fəaliyyət göstərmiş, qadınlara seçki hüququ verərək bu sahədə bir çox Avropa ölkələrini belə geridə qoymuşdur.
Qısa müddət ərzində dövlət atributlarının – bayraq, gerb, himn təsis edilməsi, ordu quruculuğu, təhsil islahatları və beynəlxalq əlaqələrin qurulması tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir. Həmin dövrdə qəbul edilən qərarlar gələcək müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi və hüquqi əsaslarını formalaşdırmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Sovet işğalı nəticəsində süqut etsə də, onun ideyaları xalqın yaddaşında yaşamağa davam edirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etməklə Cümnhuriyyət ideyalarının davamçısı olduğunu dünyaya bəyan etdi. Lakin bu yol asan olmadı – müstəqilliyin ilk illərində ölkədə siyasi böhran, iqtisadi çətinliklər və təhlükəli separatizm cərəyanları hökm sürürdü.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni böyük təhlükələrdən xilas etdi. Onun rəhbərliyi ilə sabitlik bərpa edildi, ordu quruculuğu sürətləndirilərək dövlətçiliyin möhkəm təməli qoyuldu. Dahi Lider Azərbaycanı güclü və dayanıqlı dövlətə çevirmək istiqamətində genişmiqyaslı islahatlar reallaşdırdı. Bu siyasət müstəqil iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq nüfuzun artırılması və milli təhlükəsizliyin təmin olunması ilə müşayiət olundu. Məhz bu dövrdə gələcək Zəfər yolunun əsası qoyuldu – milli birliyin möhkəmlənməsi, güclü ordu və qətiyyətli xarici siyasət bu tarixi missiyanın əsas sütunlarına çevrildi.
Ulu Öndərin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişafını yeni mərhələyə yüksəltdi. Onun rəhbərliyi ilə ölkəmiz sürətli iqtisadi inkişaf yolu keçdi, irimiqyaslı infrastruktur layihələri həyata keçirildi. Dövlətimizin beynəlxalq münasibətlərdə mövqeyi möhkəmləndi və ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Müasir Azərbaycan dövləti Cümhuriyyət irsini yaşadır, onu dövrün tələblərinə uyğun olaraq inkişaf etdirir. Bu, həm tarixi yaddaşa sədaqət, həm də gələcək nəsillərə örnəkdir. 28 May – Müstəqillik Günü həm də milli kimliyimizin, dövlətçilik iradəmizin və azadlıq ruhumuzun simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ideyalar bu gün müasir müstəqil Azərbaycanın sütunlarını təşkil edir. Cümhuriyyət qurucularının arzuları gerçəkləşdirilmiş, bugünkü nəsillərə güclü, müstəqil və qalib bir dövlət miras qoyulmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
Azərbaycan xalqı bu tarixi yaddaşın daşıyıcısı, dövlətin qürurlu vətəndaşı olaraq hər il 28 May tarixini yüksək ehtiramla qeyd edir, müstəqilliyimizi əbədi yaşatmaq əzmində olduğunu nümayiş etdirir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı