29 may 2025 08:43
174

Suriyada 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Azərbaycanın Suriyadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Dəməşq şəhərində 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Səfirlikdən “İki sahil”ə bildirilib ki, qardaş Türkiyə, eləcə də bir sıra Latın Amerika, Avropa, Asiya, Afrika və ərəb ölkələrinin diplomatik missiya rəhbərləri və diplomatlarının, həmçinin Suriya Xarici İşlər və Mühacirlər, Daxili İşlər, Müdafiə, İnformasiya, Sosial məsələlər və əmək nazirliklərinin, Suriya Qırmızı Aypara Təşkilatının və Suriya Xəbər Agentliyinin (SANA), BMT-nin Minatəmizləmə Xidmətinin rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş ziyafət Azərbaycan və Suriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu mühüm tədbirin 13 illik fasilədən sonra ilk dəfə keçirildiyinə diqqət çəkib, ölkəmizin 19-cü əsrin ortalarında və 20-ci əsrin əvvəllərində neft, mətbuat, təhsil və mədəniyyət sahələrində imza atdığı nailiyyətlərə nəzərə salıb.

Sonra 1918-ci il 28 mayda yaradılan və cəmi 23 aydan sonra bolşevik işğalı nəticəsində süquta uğrayan müsəlman Şərqində ilk parlament quruluşlu demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində görülən əhəmiyyətli işlərə qısa və dolğun toxunulub.

Diqqətə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuş, Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Müstəqilliyin ilk illərində ağır siyasi və sosial-iqtisadi böhranla yanaşı, 20 faiz torpaqlarının işğalı ilə nəticələnmiş qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməyini təkidlə tələb etmiş və buna nail olmuşdur. Eyni zamanda 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi erməni işğalının coğrafiyasının genişləndirilməsinin qarşısını almış, 1994-cü ildə Ermənistanla atəşkəs haqqında sənədin imzalanması ölkəmizin yenidən qurulması və hərtərəfli inkişafı üçün yol açmışdır.

2003-cü ildə Azərbaycan xalqının İlham Əliyevi özünə prezident seçməsi ölkəmizin həmin dövrdən başlayaraq nailiyyətlərini davam etdirdiyini qeyd edən E.Şahhüseynov dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi, investisiya, sosial, energetika, nəqliyyat və digər sahələrdəki nailiyyətləri və statistik göstəricilərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bu xüsusda, Azərbaycanın beynəlxalq ictimaiyyətinin mütləq dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi, Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyi və bunun nəticəsi olaraq, Hərəkat üzvlərinin yekdil qərarı ilə sədrliyinin daha bir il uzadıldığı, eləcə də dünya ölkələrinin mütləq dəstəyi ilə, 2024-cü ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi vurğulanıb.

Eyni zamanda Cənubi Qafqaz, TANAP və TAP qaz layihələrinə toxunulduğu zaman Azərbaycanın 10 Avropa ölkəsini qazla təchiz etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verdiyi, ölkəmizin qlobal əhəmiyyət kəsb edən Orta Dəhliz nəqliyyat marşrutundakı xüsusi önəmə və bu kontekstdə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həyati əhəmiyyətli rola malik olduğu vurğulanıb.

E.Şahhüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq Zəfərinə, Dövlət Suverenliyi Gününə aparan yola, habelə azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işlərinə və bu işlər çərçivəsində “ağıllı şəhərlər” və “ağıllı kəndlər” layihələrinə nəzər salıb, bərpa və quruculuq işlərində əldə etdiyimiz təcrübəni suriyalı dostlarımızla bölüşməyə hazır olduğumuza diqqət çəkib. Həmçinin Azərbaycanın öz xarici siyasəti ilə regional və dünya müstəvilərində son dərəcə mühüm tərəfdaşa, Yaxın Şərqlə üzvi bağlılığı olan Cənub Qafqaz regionunun ən nüfuzlu ölkəsinə çevrildiyi vurğulanıb.

Çıxışın yekun hissəsində Azərbaycan-Suriya əlaqələrinin hazırkı mərhələsinə geniş nəzər salınıb, həmçinin Azərbaycan və Suriya liderlərinin görüşünə, Azərbaycan Baş nazirinin müavininin rəhbərliyi hökumət missiyasının Dəməşqə səfərinə toxunulub.

Sonda ölkəmizin dost Suriya ilə hər iki ölkə və xalqın maraqları naminə müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğu, Suriyanın ərazi bütövlüyünü, ölkədə əmin-amanlığın, sabitliyin və hərtərəfli inkişafın təmin edilməsi istiqamətində göstərilən regional və beynəlxalq səyləri dəstəklədiyi xüsusi qeyd edilib, dost Suriya və onun xalqı ABŞ və Aİ sanksiyalarının aradan qaldırılması münasibətilə təbrik edilib, sülh, əmin-amanlıq, tərəqqi və çiçəklənmə arzu edilib.

Tədbir zamanı “Güclü Azərbaycan”, “Müstəqil Azərbaycan”, “Shusha the cultural capital of Azerbaijan” və “The spirit of Azerbaijan” adlı videoçarxlar nümayiş olunub.