Londonun ən tanınmış tarixi və dövlət əhəmiyyətli Lancaster sarayında Azərbaycanın Britaniyadakı səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Britaniya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, Kral sarayının nümayəndəsi, Britaniya parlamentinin deputatları, Londonda akkreditə olunan çoxsaylı səfirlər və diplomatik korpusun digər nümayəndələri, siyasi və ictimai xadimlər, media nümayəndələri, Britaniyadakı Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
İlk olaraq Britaniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Daha sonra ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qısa tarixinə diqqət çəkib, AXC-nin müsəlman Şərqində ilk parlament demokratiyası olduğunu vurğulayıb. AXC-nin 23 ay mövcud olmasına baxmayaraq, onun məhz 107 il əvvəl mütərəqqi dövlətçilik ənənələrinin əsasını qoyduğunu və müasir Azərbaycanın da məhz həmin dövlətçilik ənənələri və prinsipləri əsasında qurulduğunu bildirib. Diplomat qeyd edib ki, bu gün hər bir Azərbaycan gənci ölkəmizin keçdiyi keşməkeşli, lakin şərəfli müstəqillik tarixinə yaxından bələd olmalı, müstəqilliyin asan qazanılmadığını anlamalı və onun qorunub saxlanması üçün hər zaman çalışmalıdır.
Britaniya Kralı III Çarlzın ölkə başçısı İlham Əliyevə müstəqillik münasibətilə göndərdiyi təbrikə görə minnətdarlıq ifadə edən Elin Süleymanov Britaniya ilə əlaqələrin çoxşaxəli və intensiv inkişaf etməsinin sevindirici olduğunu bildirib. Ənənəvi enerji üzrə uzun illərə dayanan faydalı əməkdaşlığa və yaşıl enerjiyə keçid üzrə əməkdaşlığa toxunan diplomat ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurla nəticələnməsinə verdiyi töhfəyə və tədbirdə ən ali səviyyədə təmsil olunduğuna görə Britaniya tərəfinə təşəkkür edib.
Azərbaycanın qonşu ölkələr Türkiyə, Gürcüstan, Mərkəzi Asiya ölkələri və sairə ilə birgə stabil və proqressiv yeni region yaratmaqda olduğunu söyləyən səfir Azərbaycanın təşəbbüsü ilə Ermənistanla başlayan postmünaqişə prosesinə də toxunaraq tezliklə Ermənistanın da lazımi addımları ataraq regional inteqrasiyaya qoşulmağa hazır olacağına ümid etdiyini qeyd edib.
Tədbirin təkcə müstəqillik gününə deyil, həm də Azərbaycanda qarşıdan gələn Silahlı Qüvvələr Gününə həsr edildiyi barədə məlumat verən səfir torpaqlarımızın azad edilməsində, eləcə də ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və qorunmasında Azərbaycan Ordusunun müstəsna roluna diqqət çəkib, başda Ali Baş Komandan olmaqla Azərbaycan ordusunun hər bir üzvünü təbrik edib.
Daha sonra Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Mark Klayton çıxış edib. Britaniyanın Azərbaycanla zəngin əlaqələrə malik olduğunu deyən M.Klayton ikitərəfli əlaqələrin dərinliyi, genişliyi və gücü ilə qürur duyduğunu deyib. Ölkələrimiz arasında təhsil, müdafiə, iqtisadi və digər sahələrdə yaxın əlaqələrin olduğunu söyləyən Britaniyalı diplomat qeyd edib ki, Azərbaycanın suveren ölkə kimi regional təhlükəsizliyə və iqlim dəyişikliyinə töhfə verməsi alqışalayiqdir.
Mark Klayton COP29-un tarixi bir hadisəyə - hakimiyyətdə olan Britaniya Baş nazirinin ilk dəfə Azərbaycana səfər etməsinə vəsilə olduğunu məmnunluqla qeyd edib. Britaniya rəsmisi oxşar şəkildə ötən ilin iyul ayında Avropa Siyasi İcmasının görüşündə iştirak etmək üçün Britaniyaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyevi qonaq etməkdən böyük məmnunluq duyduqlarını da əlavə edib. Liderlərin COP29 çərçivəsində keçirdiyi görüşdə ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə birgə maraq ifadə etməsinə də toxunan M.Klayton Azərbaycan üzrə yeni ticarət elçisi elan edilməsinin bunun əməli nəticəsi olduğunu vurğulayıb.
O, bu il ərzində də Azərbaycanla-Britaniya arasında güclü əməkdaşlıq tempinin davam etdiyini əlavə edərək 30 aprel tarixində Londonda iqtisadi əlaqələr üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsinə istinad edib, Britaniyanın Azərbaycana yeni hərbi attaşe təyin etməsinə toxunub, il ərzində növbəti siyasi məsləhətləşmələrin keçiriləcəyini qeyd edib. Britaniyalı diplomat çıxışının davamında ölkəsinin Azərbaycanı vacib təhlükəsizlik tərəfdaşı hesab etdiyini söyləyib.
Azərbaycanın müstəqillik yolunda çox çağırışlarla üzləşdiyini bildirən M.Klayton Britaniyanın Azərbaycan və Ermənistanın normallaşma istiqamətində atdığı addımları, o cümlədən liderlərin Avropa Siyasi İcmasının iclası çərçivəsində Tiranadakı görüşünü alqışladığını qeyd edib.
Tədbir ziyafətlə və musiqi proqramı ilə davam edib.