Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
“İki sahil” xəbər verir ki, qəbulda əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən səfir Xəzər İbrahim 107 il əvvəl müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib. O deyib ki, cümhuriyyəti quran atalarımız güclü suverenlik həsrətində olublar və bu gün Azərbaycanın suverenliyi güclüdür, sabitdir və çiçəklənir.
Səfir 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının Parisdə ABŞ Prezidenti Vudro Vilsonla görüşünü xatırladıb.
Daha sonra çıxış edən ABŞ Enerji katibinin Beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən edən Uilyam Coys Birləşmiş Ştatların Azərbaycanla əlaqələri çox yüksək qiymətləndirdiyini deyib. O bildirib ki, 30 ildən çox müddət ərzində ölkələrimiz arasında ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq qurulub: “Azərbaycan və ABŞ terror və zorakı ekstremizmə qarşı birgə mübarizə aparıb, Əfqanıstanda çiyin-çiyinə döyüşüb. Biz birlikdə Azərbaycan nefti və təbii qazının Qərb bazarlarına çıxarılması üçün yollar hazırlamışıq”. O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın dünyanın enerji tərəfdaşı kimi artan rolunu görməkdən məmnundur.
Azərbaycanın ABŞ-da hərbi attaşesi vəzifəsini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan Kamran Tahirbəyli Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ Müdafiə Departamenti arasında əməkdaşlıqdan danışıb və bu əlaqələrin illər ərzində daha da möhkəmləndiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər ortaq dəyərlər, qarşılıqlı hörmətlə yanaşı, birgə təlim proqramları, operativ əməkdaşlıq, potensialın gücləndirilməsi təşəbbüsləri və strateji dialoq vasitəsilə təkcə regionda deyil, bütün dünyada sülh, təhlükəsizlik və sabitliyi inkişaf etdirmək öhdəliyi üzərində qurulub. O bildirib ki, bu münasibətlərin təməl daşı dövlət tərəfdaşlığı proqramı vasitəsilə Oklahoma Milli Qvardiyası ilə davamlı tərəfdaşlıq olub.
Oklahoma Milli Qvardiyasının Qərargah Rəisi, briqada generalı Kolbi Vayt azərbaycanlılarla işləməkdən hədsiz zövq aldığını və Azərbaycanla Oklahoma mədəniyyətləri arasında çox oxşarlıqlar gördüyünü dilə gətirib. O Azərbaycanla təmsil etdiyi ştat arasında gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyini deyib.
Tədbirin davamında Vaşinqton şəhərinin meri Myuriel Bauzerin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-cı ildönümü ilə bağlı imzaladığı bəyannamə səsləndirilib.
Sonda azərbaycanlı azyaşlılar Rəşid Behbudovun “Azərbaycan” mahnısını ifa ediblər.