29 may 2025 09:43
178

Bişkekdə Azərbaycanın Müstəqillik Günü münasibətilə kitab sərgisi təşkil edilib

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibətilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin baş ofisində 30-dan çox adda kitabın sərgisini keçirib.

“İki sahil” xəbər verir ki, sərgilənən bütün kitablar fondun sifarişi ilə Bişkekdə tərcümə və nəşr edilmişdi.

Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin baş direktoru Gülsayra Dandıbayeva çıxış edərək Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu tarixi və əlamətdar gün ilə əlaqədar sərgidə nümayiş olunan bütün kitablar kitabxanaya bağışlandı və oxucuların istifadəsinə verildi.

Daha sonra çıxış edən Qırğızıstan Milli Yazıçılar İttifaqının üzvü, Atatürk mükafatı laureatı Temirbek Toktoqazıyev Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən kitabların, habelə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif nəşrlərin qırğız oxucularının Azərbaycan tarixinin öyrənilməsində böyük rolu olacağını bildirdi.

“Xalqa bağışlanan ömrün anları”, professor Şirməmməd Hüseynovun təqdimatında Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycanda milli hərəkat”, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə və nəşr edilən Bəxtiyar Vahabzadənin “Biz bir gəminin yolçularıyıq” kitabı oxucuların xüsusi marağına səbəb oldu.