29 may 2025 10:03
170

Braziliyada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib

Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.

Səfirlikdən “İki sahil”ə bildirilib ki, tədbirdə Braziliyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Braziliya federal hökumət nümayəndələri və dövlət rəsmiləri, Milli Konqresin üzvləri, ictimai-siyasi xadimlər, akademik-tələbə heyəti, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir Braziliya Hərbi Hava Qüvvələri orkestrinin ifasında hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Rəşad Novruz Azərbaycanın 107 illik müstəqillik tarixindən bəhs edərkən, müstəqilliyimizin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan dövlətimizin Prezidenti İlham Əliyevin müdrik siyasəti və strateji təfəkkürü sayəsində daha da inkişaf etdiyini, regional və beynəlxalq məsələlərdə fəal iştirakı, xüsusilə sülh, sabitlik və əməkdaşlığın təşviqi istiqamətində göstərdiyi səylərlə regionun lider dövlətinə çevrildiyini bildirib. Azərbaycanın müstəqillik yolunda keçdiyi yoldan danışan səfir bugünkü qürurlu və sabit ölkəmizin təməlinin müasir tariximizin qüdrətli lideri Ulu Öndər Heydər Əliyev olduğunu, 1990-cı illərdə kövrək təhlükəsizliyin və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə ölkəmizi xilas etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Braziliya xarici işlər nazirinin müavini Laudemar Aquiar çıxış edərək illər keçdikcə iki ölkə arasında münasibətlərin daha da genişlənməsi və yüksələn xətt üzrə hərəkət edən dinamikasından, xüsusən də yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri və son illərdə hər iki ölkənin qlobal hadisələrin önündə getməsindən bəhs edib. Ölkələrimiz arasında COP çərçivəsində əməkdaşlığa toxunan nazir müavini, Azərbaycan tərəfindən bu istiqamətdə sərgilənən daimi dəstək və qlobal çağırışlara qarşı birgə fəaliyyət yüksək qiymətləndirib.

Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajado isə çıxışında iki ölkə arasında parlamentlərarası münasibətlərin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycanın müstəqillik tarixindən, müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlardan bəhs edən videoçarxlar nümayiş etdirilib.