Ötən ilin statistik göstəricilərinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə 372 mindən çox zəng daxil olub. Zənglərin 90.49%-i 30 saniyə ərzində cavablandırılıb. Ən çox müraciətlər müayinə və müalicə, göndərişlər, dərman və tibbi sərf materialları, həmçinin müharibə iştirakçıları ilə bağlı olub.
Bu fikirləri “İki sahil”ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirdi.
Onun sözlərinə görə, vətəndaşların xidmətə əlçatanlığını daha da artırmaq məqsədilə ötən ilin sonundan etibarən Agentliyin rəsmi internet saytında yeni “Onlayn çat” xidməti istifadəyə verilib.
Bura daxil olan vətəndaş müraciətləri, sorğular Çağrı mərkəzinin operatorları tərəfindən fasiləsiz (24/7) cavablandırılır. Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə 10600-dən çox vətəndaş müraciəti cavablandırılıb.