03 iyun 2025 01:26
267

Bərpaolunan enerji mənbələrinə investisiyalar yatırılsın - Günümüzün əsas çağırışı

Dövlət başçısı İlham Əliyev paytaxtımızda öz işinə başlayan 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub

Bugünümüzün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyev iyunun 2-də işinə başlayan 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışlarında bu reallıqlar daim önə çəkilir ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır.

Dövlət başçısı İlham Əliyev yubiley Neft-Qaz Sərgisindəki çıxışında  vurğuladı ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən cənab İlham Əliyev  xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğuladı. O da qeyd edildi ki, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi.

Təbii ki, Azərbaycanın bu gün böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında «Əsrin müqaviləsi»nin rolu böyükdür.  Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə ölkədə sabitliyin uğurların davamlılığında əsas faktorlardan biri olduğunu aydın şəkildə görürük. Ölkəmizin 1993-cü ildən bugünədək böyük investisiyalar məkanına çevrilməsində də bu amil əsas rol oynayır. Əminliklə qeyd edirik ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. Təbii ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bunun üçün müstəqilliyimizin ilk ilində mövcud duruma diqqət yetirək. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da inkaredilməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Bunları yenidən təhlil etməyimizə səbəb Ümummilli Lider Heydər Əliyevin müəddifi olduğu neft strategiyasının Azərbaycana böyük uğurlar qazandırdığını əsaslı şəkildə diqqətə çatdırmaqdır. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.  

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?

Çıxışlarında  «Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir» söyləyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük. Ənənəvi sənaye mərkəzlərimizdə, - Bakı şəhərində, Sumqayıt şəhərində, sənaye parkları, yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»dən irəli gələn vəzifələrin uğurlu icrası müəyyənləşdirilən hədəflərə zamanında nail olacağımızı təmin edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində də bildirir ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi Bakı Enerji Həftəsi beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.  Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Yeganə Əliyeva, «İki sahil»