İspaniyanın “Barselona” klubu maliyyə hesabatı qaydalarını dəfələrlə pozduğuna görə sanksiyalarla üzləşə bilər.
“İki sahil” "The Times"ə istinadən xəbər verir ki, UEFA Kataloniya təmsilçisinə qarşı tətbiq edilə biləcək cəzaları nəzərdən keçirməyə başlayıb.
Daha əvvəl, 2023-cü ilin iyulunda Kataloniya klubu qeyri-maddi aktivlərin satışından əldə edilən gəlirlərlə bağlı səhv hesabat verdiyinə görə 500 min avro cərimələnmişdi. Bunun audiovizual hüquqların 10%-nin 2022-ci ildə 25 il müddətində 267 milyon 89 min avroya satışı ilə əlaqəli olduğu bildirilir. 2024-cü ildə klub bu hüquqların daha 15%-ni 400 milyon avroya satıb. Lakin bu daxilolmalar əməliyyat mənfəəti kimi təsnif edilmir.
Nəticədə “Barselona”nın növbəti mövsüm UEFA Çempionlar Liqası matçları üçün oyunçu qeydiyyatına məhdudiyyət qoyula, həmçinin pozuntu sübut olunacağı təqdirdə xalları silinə bilər.
Qeyd edək ki, "Barselona" 2024/2025 mövsümündə meydana çıxdığı 38 matçda 88 xal toplayaraq İspaniya çempionu olub.