07 iyun 2025 08:40
102

Syerra-Leone günəş enerjisi istehsalına 34 milyon avro xərcləyəcək

Syerra-Leone kənd yerlərində elektrik enerjisinə çıxışı artırmaq üçün 34 milyon avro dəyərində günəş enerjisi layihəsi həyata keçirəcək.

İki sahil” xəbər verir ki, bu barədə Syerra-Leone Respublikasının prezidenti Culius Maada Bio Avropa İttifaqının (Aİ) səfiri Jacek Jankovski ilə görüşündə deyib.

Syerra-Leone Rəyasət Heyətinin yaydığı məlumata görə, görüşdə ölkədə 34 milyon avro dəyərində “Salone Off-Grid Renewable Energy Acceleration Initiative” (SOGREA) layihəsi üzrə ilkin işlər müzakirə edilib.

Bio görüş zamanı layihəni inklüziv inkişaf üçün mühüm mərhələ kimi qiymətləndirib.

"İnsanlara enerji çatdırmaq əsas ehtiyacdır. Bu layihə tərəfdaşlarımızla etimad münasibətimizin göstəricisidir", - deyən Bio, enerji tənzimləmələri üçün lazımi hüquqi bazanın yaradılacağını qeyd edib.

Aİ, Syerra-Leone hökuməti və Birləşmiş Millətlər Təşkilatının (BMT) Layihə Xidmətləri Ofisi (UNOPS) ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihə çərçivəsində 2027-ci ilə qədər ölkə ərazisində günəş enerjisi gücü 5,2 meqavat olan mini şəbəkələr yaradılacaq.

Təxminən 60 kənd yaşayış məntəqəsində 25 min ev təsərrüfatının və 2800 müəssisənin təmiz və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”