Texnologiyanın sürətli inkişafı kibercinayətkarların istifadə etdiyi üsulları şaxələndirdiyi zamanda sosial mediada tez-tez paylaşılan fotolar da risklər yaradır. Bir zamanlar xatırlamaq üçün baxılan fotoalbomların yerini sosial media profilləri alır, istifadəçilər isə fərqli yerlərdə çəkilmiş fotoşəkilləri rahatlıqla paylaşa bilirlər ki, bu da texnologiyadan sui-istifadə ilə yeni risklər gətirir. Xüsusilə üzün aydın göründüyü fotolar həmin şəxsin xəbəri və razılığı olmadan süni intellekt texnologiyaları ilə emal olunaraq müxtəlif saxtakarlıq fəaliyyətlərində istifadə edilə bilər.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, “deepfake” texnologiyasının çatdığı məqama diqqət çəkən Sosial Media və Rəqəmsal Təhlükəsizlik Mütəxəssisi Levent Eraslan, "İndi “deepfake” texnologiya dediyimiz dərin aldatmada süni intellekt səsimizi, mimikamızı, jestlərimizi, mimikamızı, sümüklərimizi, hər şeyi təqlid edib danışdıra bilir. Əvvəllər bu işlərin edilməsi komanda işi idisə, indi telefonla da edilə bilər", - deyib və əlavə edib: “Onlar sizin üçün çox gözəl şəxsiyyət vəsiqəsi hazırlaya bilərlər.”
Sosial mediada paylaşılan üz fotoları da kibercinayətkarlar üçün mühüm məlumat mənbəyinə çevrilir. Üzün aydın təsviri saxtakarlıq üsullarında istifadə edilə bilər; foto oğruları bu üsulla saxta bank hesabı aça və ya insanların adlarına saxta şəxsiyyət vəsiqələri yarada bilərlər.
Levent Eraslan bu təhlükə ilə bağlı bunları deyib: "Sizin üçün çox gözəl şəxsiyyət vəsiqəsi düzəldə bilərlər. Adınıza çox gözəl bir kampaniya yarada bilərlər. Bu kampaniyadan pul qazana bilərlər. Yaxud da süni intellektin köməyi ilə sizi danışdırıb, haqqınızda çox mənfi şeylər üzə çıxara bilərlər".
Onun sözlərinə görə, bundan əlavə, fotoşəkillərdə etiketlənmiş və ya arxa planda görünən yer və ünvan məlumatları oğruların işini asanlaşdıra və istifadəçiləri fiziki təhlükələrə qarşı həssas edə bilər: “Daha çox paylaşma daha çox risk və qurban olma ehtimalı deməkdir. Bu risklərdən yenidən uzaq durmaq istifadəçilərin şüurlu davranışından asılıdır”.
Sosial mediadakı məlumatların, sənədlərin və görüntülərin heç vaxt itmədiyini vurğulayan Eraslan, "Ona görə də özünüzü geniş bucaqdan paylaşmaq yerinə daha çox bulanıq və ya yandan çəkilmiş fotolara üstünlük verilə bilər. Evinizin, məktəbinizin, hobbinizin, ailənizin fotoşəkillərini çox paylaşmayın", - deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”