19 iyun 2025 08:22
103

İsveçin yaşıl şəhəri Vekşö minlərlə aviabiletə milyonlarla kron xərcləyib

Avropanın ən yaşıl şəhəri kimi tanınan İsveçin Vekşö şəhəri ətrafında bələdiyyə və regional hakimiyyət orqanlarının əməkdaşları üçün 2 500 ədəd aviabilet alınması ilə bağlı qalmaqal yaranıb.

“İki sahil” xəbər verir ki, bu addım “Västflyg” şirkətinin Vekşö ilə Stokholm arasında yeni aviareys açmasını dəstəkləmək məqsədi daşıyır. Bu marşrut əvvəl “Bra” operatoru tərəfindən təmin edilirdi, lakin onun fəaliyyəti dayandırıldıqdan sonra yeni hava xətti istifadəyə verilib.

Şəhər rəhbərliyi 1 000 bilet alaraq bunun üçün təxminən 2 milyon kron (təqribən 210 min ABŞ dolları) xərcləyib. Region rəhbərliyi isə əlavə 1 500 bilet alıb. İdeyanın təşəbbüskarı Pernilla Torneus bildirib ki, hava nəqliyyatı Vekşönün biznes və əmək bazarı üçün cəlbedici qalmasında mühüm rol oynayır. Onun fikrincə, bu uçuşlar ictimai nəqliyyat sisteminin bir hissəsi kimi qiymətləndirilməlidir.

Lakin bu layihə ciddi tənqidlərə səbəb olub. Yaşıllar Partiyasının nümayəndəsi Maqnus P. Voxlin bu qərarı iqlimə zərərli, səmərəsiz və bəlkə də qanunsuz adlandıraraq vurğulayıb ki, qatarla səfər bir qədər çox vaxt tələb edir və özəl aviaşirkətə dəstək vermək bələdiyyənin səlahiyyətlərinə daxil deyil. Onun sözlərinə görə, məsələ artıq inzibati məhkəməyə ötürülüb.

Tənqidçilər həmçinin, qeyd edirlər ki, bu addım Vekşönün “yaşıl imici” ilə ziddiyyət təşkil edir. Xatırladaq ki, 2007-ci ildə Vekşö beynəlxalq səviyyədə ekoloji baxımdan inkişaf etmiş şəhər kimi tanınıb, 2018-ci ildə isə “Green Leaf Award” – Avropa ekologiya mükafatına layiq görülüb.

Bütün bunlara baxmayaraq, şəhər rəhbərliyi mövqeyində iddialıdır. Pernilla Torneus hesab edir ki, uçuşlara qarşı mövcud tabu xüsusən də bu, sosial dayanıqlığa və rahatlığa xidmət edirsə, artıq yenidən nəzərdən keçirilməlidir.