Cümə günü İsveçrənin Cenevrə şəhərində İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Ərağçi ilə görüşməyi planlaşdırır. Bu, İsrailin İranı bombardman etməsindən sonra diplomatik sıçrayış ola bilər”, - deyə qəzet yazır. Eyni zamanda bildirilir ki, hələlik İran tərəfinin görüşün keçirilməsinə razılıq verməsi ilə bağlı yekun siqnal daxil olmayıb.
Ötən həftə İsraillə İran arasında qarşıdurmanın kəskinləşməsindən bəri İran hakimiyyəti Qərb ölkələrinin nümayəndələri ilə görüşməyib. Bundan əlavə, Ərağçi qeyd edib ki, İsrail hava hücumlarını dayandırmayana qədər ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşməyəcək.
“The Guardian” yazır ki, cümə günü Cenevrədə keçirilməsi nəzərdə tutulan danışıqlardan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ABŞ Dövlət katibi Marko Rubio ilə görüşəcək.