İsveç Parlamenti 2026-cı ildən etibarən ibtidai təhsilin müddətini 10 ilə çatdırmaq məqsədilə məktəbəqədər hazırlıq sinfinin ləğv olunması və onun yerinə birinci sinfin vahid ümumtəhsil sisteminə daxil edilməsi barədə qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, İsveç Təhsil Naziri Lotta Edholm islahatın məqsədini daha bütöv və bərabərhüquqlu məktəb sistemi yaratmaqla izah edib. Nazir bildirib ki, hazırda hazırlıq siniflərində uşaqlar arasında hazırlıq səviyyəsində böyük fərqlər mövcuddur ki, bu da birinci sinifdən başlayaraq təhsil bərabərsizliyinə gətirib çıxarır.
Müxalif Sosial Demokratlar Partiyası islahata dəstək vermək şərtilə tədrisdə oyun metodlarının qorunmasının və uşaqların yaş xüsusiyyətlərinə uyğun təhsil almasının vacibliyini vurğulayır. Onlar həmçinin ibtidai sinif müəllimləri üçün pedaqoji təhsili olmayanlara əlavə təlimlərin keçirilməsini tələb edirlər.
2023-cü ilin məlumatlarına görə, İsveçdə müəllimlərin yalnız 35 faizi oxu, yazı və hesab fənləri üzrə ixtisasartırma kurslarını bitirib.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, daha akademik yanaşmaya keçidlə erkən tədris mərhələsində uşaqlar üçün mühüm olan oyun elementləri itirilə bilər.