İyunun 20-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsində 20 iyun - Qaz Təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə “Peşəsinə sadiq qəhrəmanlar” mövzusunda tədbir keçirib.
“İki sahil” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 20 iyun - Qaz Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Seyfəddin Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamı ilə hər il iyunun 20-nin respublikamızda qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu bildirmiş, ölkəmizdə qaz təsərrüfatının yaranması, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən danışmışdır.
Seyfəddin Əliyev qeyd etmişdir ki, cəmiyyətin davamlılığı və inkişafı görünməyən, lakin həyati əhəmiyyət daşıyan sahələrin varlığına bağlıdır. Bu sahələrdən biri də qaz təsərrüfatıdır. Hər bir evdə yanan ocağın arxasında, qışın sərtində bizi istiliklə təmin edən sistemlərin arxasında, bir məqsədə sadiq qalan insanlar – qaz işçiləri dayanır. Onlar – əslində peşəsinə sadiq qəhrəmanlardır. Qaz sahəsində çalışmaq, yalnız texniki bilik və fiziki güc deyil, eyni zamanda yüksək məsuliyyət, diqqət və sədaqət tələb edir. Hər gün insanların təhlükəsizliyini təmin edən bu əmək sahəsinin əməkdaşları, çətin şəraitdə, bəzən soyuqda, yağışda və qaranlıqda belə, öz işlərini vicdanla yerinə yetirirlər. Onların əməyi ölkənin enerji sabitliyinin təməlidir.
Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi İxtiyar Seyfullayev ölkənin təbii qaz təsərrüfatı tarixindən danışıb və Azərbaycanda mavi yanacağın böyük potensialından tədbir iştirakçılarını məlumatlandırıb. “Ölkəmizdə qaz təsərrüfatının inkişaf tarixi ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir. Məhz ümummilli liderin göstərişləri əsasında, adıçəkilən sahədə böyük irəliləyişlər əldə edilib. Hələ ötən əsrin 70-ci illərində ölkə ərazisinin 85 faizinin təbii qazla təmin edilməsi müasir, müstəqil Azərbaycanın qaz təsərrüfatının inkişafına mühüm töhfə verib”.
Tədbirdə Zakir Eynullayev, Xalid Həsənov və başqaları çıxış edərək son dövrlərdə regionların qazlaşdırılması sahəsində görülən işlər barədə məlumat vermişlər.
Sonda 20 iyun - Qaz Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fəallıq göstərənlərə YAP Masallı rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.