Almaniyanın "Bavariya"sı və Braziliyanın "Flamenqo" klubları FIFA Klublararası Dünya Çempionatının “pley-off” mərhələsinin ilk iştirakçıları olub.
“İki sahil” xəbər verir ki, şənbə gecəsi "Bavariya" qrup mərhələsinin ikinci turunda Argentinanın "Boka Xuniors" klubuna qalib gəlib (2:1).
İki turdan sonra "Bavariya" 6 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. Onları Portuqaliyanın Benfika (4), Boka Xuniors (1) və Yeni Zelandiyanın Oklend Siti (0) izləyir.
Növbəti mərhələdə "Bavariya" "Benfika", "Boka Xuniors" - "Oklend Siti" ilə qarşılaşacaq. Qarşılaşmalar iyunun 24-də keçiriləcək.
Oyun gününün digər matçında tunisli “Esperans” amerikalı “Los-Ancelesə” qalib gəlib (1:0). Bu nəticə "Flamenqo"ya (iki matçda 6 xal) pley-offa vəsiqəni təmin edib, çünki hərəyə 3 xalı olan Esperans və İngiltərənin "Çelsi" qrup mərhələsinin son turunda üz-üzə gələcək. Oyun iyunun 25-də baş tutacaq.
Paralel matçda Los Anceles "Flamenqo" ilə qarşılaşacaq.
ABŞ-da klublararası dünya çempionatı keçirilir. İlk dəfədir ki, burada səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər kvartetdə iki ən yaxşı komanda 1/8 finala yüksələcək. Final qarşılaşması iyulun 13-də baş tutacaq.