ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, bu gün AEBA-nın və baş direktor Rafael Qrossinin məsuliyyəti hər zamankından daha aydındır. “Biz AEBA-nın Rəhbərlər Şurasını fövqəladə iclas keçirməyə, Agentliyin ciddi nəzarəti altında olan və Təhlükəsizlik Müqaviləsi çərçivəsində fəaliyyət göstərən İranın dinc nüvə obyektlərinə ABŞ-ın təhlükəli hücumu ilə əlaqədar hüquqi öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.