22 iyun 2025 18:52
145

Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib - YENİLƏNİB

İyunun 22-də Dənizkənarı Milli Parkda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “EuroVillage 2025” (Avropa şəhərciyi) tədbiri keçirilib. Avropa Günü münasibətilə təşkil olunan tədbirdə Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycandan olan tərəfdaş qurumlar və digər təşkilatlar iştirak ediblər.

“İki sahil” xəbər verir ki, builki "EuroVillage 2025" tədbiri sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.

Əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.

“EuroVillage 2025” tədbirində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, bu, Azərbaycanda "Avropa ayı" təntənəsini yekunlaşdıran ilin ən əsas tədbiridir: "Biz 450 milyon vətəndaşı və 27 üzv dövləti bir araya gətirən Azərbaycan və Azərbaycan xalqı ilə güclü münasibətlərə malik ittifaqıq. "Avropa şəhərciyi" Avropaya açılan bir pəncərədir. Aİ-ni unikal edən məhz onun zəngin mədəniyyətidir ki, tədbir həmin müxtəlifliyi görmək və zövq almaq üçün bir imkandır. Bu bayramı azərbaycanlı dostlarımızla qeyd etməkdən məmnunluq duyuruq. Sizi səmimiyyətlə "Avropa şəhərciyi"ni kəşf etməyə dəvət edirəm. Burada, Aİ, onun üzv dövlətləri, Aİ tərəfindən Azərbaycanda həyata keçirilən, maliyyələşdirilən layihələr, Avropa dəyərləri, mədəniyyəti, incəsənəti haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

Bu tədbirin keçirilməsində dəstəyə görə Azərbaycan hökumətinə, Gənclər və İdman Nazirliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan hökuməti ilə yaratdığımız sıx əməkdaşlıq çərçivəsində belə uğur əldə edə bilirik".

Sonra Avropa İttifaqı ölkələrini təmsil edən səfirlər öz dillərində iştirakçıları salamlayıblar.

"EuroVillage 2025" çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Ziyarətçilər musiqi, rəqs, şahmat, digər idman oyunları və hədiyyəli müsabiqələrdən zövq alıblar. Həmçinin ziyarətçilərə pavilyonlarda üzv ölkələrin mətbəxinə aid şirniyyatlar da təqdim edilib.

***

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “EuroVillage 2025” (Avropa Şəhərciyi) tədbiri keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir Avropa Günü münasibətilə təşkil olunub, Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycanın Gənclər və İdman Nazirliyi və digər tərəfdaş qurumların birgə iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, builki "EuroVillage 2025" sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.

Tədbir çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Həmçinin ziyarətçilər üçün musiqi, rəqs, idman oyunları və hədiyyəli müsabiqələr təşkil edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Avropa şəhərciyi qitəyə açılan bir pəncərədir:

"Bu, Avropa İttifaqını unikal edən onun zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və zövq almaq üçün bir imkandır. Bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”