22 iyun 2025-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Banqladeş Xalq Respublikasının xarici işlər naziri Touhid Hossain ilə görüşü baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Banqladeş arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və qurumlararası əməkdaşlığın, habelə siyasi məsləhətləşmə mexanizminin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıblar.
Tərəflər ticarət, təhsil və rəqəmsal idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsi, diplomatik və xidməti passport sahiblərinin vizadan azad edilməsi imkanlarını müzakirə ediblər. Hər iki tərəf aidiyyəti dövlət qurumları arasında təmasların gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Tərəflər Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması istiqamətində səylərin davam etdiriləcəyini bildiriblər.
Görüşdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.
Görüşdə həmçinin, regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunub.