Xızı rayonunda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, FHN-in Sumqayıt Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Xızı rayonunun meşəlik ərazisində müşavirə keçirib.
Tədbirdə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbidə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin faydasını vurğulayıblar. Diqqətə çatdırılıb ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri yanğınların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
Sonda iştirakçılara mövzuya aid yaddaş kitabçası və plakatlar təqdim edilib.