Azərbaycanla sərhədə doğru - Tbilisi-Sadaxlı və Tbilisi-Qırmızı Körpü istiqamətlərində yeni avtomobil yollarının tikintisi üçün layihələndirmə işlərinə start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yol tikintisinə bu ilin sonunadək başlanacaq və layihələrin 2028-ci ildə tamamlanması planlaşdırılır.
“Hazırda Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində nəzərdə tutulan modernizasiya işləri də yekunlaşmaq üzrədir. Bu işlərin 98,5 %-i artıq tamamlanıb. Layihə başa çatdıqdan sonra BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 27 milyon tondan 48 milyon tona qədər artırılacaq. Bu isə regionun nəqliyyat-tranzit potensialının əhəmiyyətli dərəcədə güclənməsi deməkdir”,-– Baş nazir bildirib.
Qeyd edək ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də sözügedən avtomobil yolları Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində mühüm əhəmiyyət kəsb edir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır.