Qara dəniz sualtı kabel layihəsi Gürcüstanın beynəlxalq bağlantı imkanlarını daha da genişləndirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabat zamanı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə hazırda hazırlıq mərhələsindədir və ölkənin beynəlxalq əlaqələndirici funksiyasının gücləndirilməsinə xidmət edəcək.
“Gürcüstan dənizə çıxışı olmayan yeddi ölkəni – beş Mərkəzi Asiya dövlətini, eləcə də Azərbaycan və Ermənistanı Qara dəniz vasitəsilə Avropa ilə birləşdirəcək”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Qara dəniz sualtı kabel layihəsi Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və regionun rəqəmsal əlaqəliliyini, enerji və informasiya mübadiləsini gücləndirmək məqsədi daşıyır. Layihə başa çatdıqdan sonra, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Avropa ilə birbaşa rəqəmsal bağlantıya malik olacaq.