30 iyun 2025 12:56
139

Benefisiarlar orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət ediblər Vüqar Behbudov

Hazırda Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müəssisələrində 2 min 242 şəxs dövlət qayğısı ilə əhatə olunur və sosial xidmətlərdən yararlanır. Onlardan 444 nəfəri uşaq evlərində yaşayanlardır

“İki sahil” xəbər verir ki, bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.

İdarə Heyətinin sədri xatırladıb ki, artıq bir müddətdir Uşaq evi sosial xidmət müəssisələri və iki Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələri SXA-nın hüquqi idarəetməsinə verilib. "Həmin müəssisələrdə ən müasir standartlara uyğun sosial xidmətin təşkili istiqamətində işlər davam etdirilir. Bu çərçivədə sözügedən müəssisələrdə keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də, neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində tədbirlər görülür. Müasir standartların tətbiqi və uşaqların qayğı ilə əhatə olunmaları üçün lazımi işlər görülür. Nazirliyin tabeliyinə verildikdən sonra Uşaq evləri və Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 1077 şəxsə xidmət göstərilib. Uşaq evi sosial xidmət müəssisələrində yaşayan bir qrup uşaq üçün də bu tədris ilində son zəng çalınıb və ümumilikdə 13 nəfər 11-ci sinfi bitirib. Onlardan 8-i qız, 5-i oğlandır. Orta məktəbi uğurla bitirən benefisiarlarımız orta-ixtisas və ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət ediblər", - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.