30 iyun 2025 13:22
141

Təhsildə sosial iş xidməti çərçivəsində 945 ümumi təhsil müəssisəsinə səfərlər təşkil olunub

Artıq 2 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təhsildə sosial iş xidmətini də həyata keçirir. Bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji işin aparılması istiqamətində tədbirlər görülür. Ötən müddətdə sosial işçilər tərəfindən ümumilikdə 945 ümumi təhsil müəssisəsinə səfərlər təşkil olunub.

“İki sahil” xəbər verir ki, bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, ilkin qiymətləndirmə nəticəsində 1752 uşağın daha yüksək risk qrupunda olduğu müəyyənləşdirilərək təfsilatlı qiymətləndirmə aparılıb, Bu istiqamətdə bir sıra sosial müdafiə tədbirləri həyata keçirilib. “300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub, 60-dan çox uşaq agentliyin psixoloqlarından psixoloji dəstək alıb, 50-dən çox ailə nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumlara yönləndirilib, onların sosial problemlərinin həllinə dəstək göstərilib. Bu dövrdə Bakı və regionlarda yerləşən 90-dən çox ümumi təhsil müəssisəsində müxtəlif mövzularda maarifləndirici görüşlər təşkil olunub”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.