30 iyun 2025 13:46
97

16 min 232 nəfərə “Şəhid ailəsi üzvü”, 453 şəxsə “Əmək veteranı” vəsiqəsi verilib

Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) yaradılandan indiyədək şəhid ailələri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər də daxil olmaqla, 13 min 646 imtiyazlı şəxs sanator-kurort putyovkası ilə təmin olunub. Onlardan 1162 nəfəri şəhid ailələrinin üzvləridir.

“İki sahil” xəbər verir ki, bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.

O həmçinin bildirib ki, ötən dövr ərzində 16 min 232 “Şəhid ailəsi üzvü” vəsiqəsi agentliyin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən şəhid ailələrinin üzvlərinə təqdim olunub.

"Agentlik tərəfindən “Əmək veteranı” vəsiqəsinin verilməsi də həyata keçirilir. “Əmək veteranı” adı və vəsiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif edilmiş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara verilir. Agentlik yaranandan indiyədək bu qəbildən olan 453 imtiyazlı şəxsə “Əmək veteranı” adı və vəsiqəsi verilib", - deyə o diqqətə çatdırıb.