Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.
“İki sahil” xəbər verir ki, layihənin bu dəfəki qonağı Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Məmmədovlar ailəsidir.
39 ildir birgə ömür sürən İntiqam bəy və Leyla xanım 3 oğul böyüdüblər. Onların 5 nəvəsi var.
İntiqam Məmmədov 1957-ci ildə Hacıqabul rayonunda anadan olub. 8 illik məktəbi bitiriərək, 1972-ci ildə Bədən Tərbiyəsi Texnikumuna daxil olub. 1975-1988-ci illərdə Hacıqabul şəhər 5 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib, eyni zamanda 1980-1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda qiyabi təhsil alıb. 1996-cı ildən isə Uşaq İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir.
Leyla Nəcəfova 1960-cı ildə Hacıqabul rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra 1987-ci ildən Hacıqabul rayon 5 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
Böyük oğlu İqbal Azərbaycan İdman Akademiyasının III kurs tələbəsidir. Ailəlidir, 3 övladı var.
Ortancıl və kiçik oğulları Emin və Elçin də atalarının yolunun davamçısı kimi Azərbaycan İdman Akademiyasını bitiriblər. Vətən müharibəsi iştirakçısı olan Emin ailəlidir və 2 övladı var.
Bu zəhmətkeş ailə ilə müsahibəmizi Sizə təqdim edirik.
- Hörmətli İntiqam bəy və Leyla xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 39 ildir ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Leyla xanım, əvvəlcə Sizdən başlayaq.
- Leyla Nəcəfova: Belə deyək ki, xoşbəxt ailənin sirri ondadır ki, ailədə ər-arvad arasında hər zaman həmrəylik olmalıdır. Bəzən olur ki, ailədə kiçik mübahisələr düşür, bu mübahisələr çox vaxt uşaqlarla bağlı olur və qadın bu zaman elə davranmalıdır ki, atanın fikri səhv olsa belə övladlarının yanında ona irad bildirməsin. Çünki bu irad zaman keçdikcə atanın övladlarının gözündə kiçilməsinə səbəb ola bilər ki, bu da nəticədə ailənin təməlinin çökməsinə gətirib çıxarır.
- İntiqam Məmmədov:Xoşbəxtliyin sirrini, zəhmətdə və sadəlikdə görürəm.
- Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
- Leyla Nəcəfova: İlk növbədə bir-birimizi dinləməyə, anlamağa çalışmışıq və hər zaman bir-birimizin fikirlərinə hörmətlə yanaşmışıq. Elə ev yoxdur ki, orada problem olmasın. Biz o problemlərin böyüməsinə imkan yaratmamışıq.
- İntiqam bəy sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
- Mən düşünürəm ki, vətənə, dövlətə sevgi sonradan qazanılmır. Bu sevgi kiçik yaşlarından başlanır. Onu deyim ki, mənim övladlarımın üçü də Vətənə olan borclarını layiqli şəkildə yerinə yetiriblər. 44 günlük müharibə başlayanda böyük oğlum müharibədə iştirak etmək üçün könüllü muraciət etmişdir. Lakin, yaşını nəzərə alaraq ehtiyatda saxlanılıb. Ortancıl oğlum Emin isə Vətən müharibəsi iştirakçısıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
- Leyla xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?
- Övladlarımın səhvləri və doğruları ilə çalışmışam ki, hər zaman yanlarında olum. İşimin gərgin olmasına baxmayaraq bir ana kimi daima onların gündəlik qayğıları mənim prioritetim olub. Onların hər zaman dostu olmuşam. Eyni zamanda ailədə valideyn və övlad sərhədlərini daim xatırlatmışam.
Hörmətli Məmmədovlar ailəsinə fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.