Qırğızıstan və Azərbaycanın qarşılıqlı qardaş dəstəyi davam edir.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın lideri Sadır Japarovun Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbinin açılışında iştirakı barədə qırğız mediasının dərc etdiyi materialların ana xəttini təşkil edir.
“Kabar” rəsmi xəbər agentliyi, “AKIPress” informasiya resursu, “24.kg”, “Kaktus.media” və digər qəzet və portallarda dərc olunam materiallarda qeyd edilib ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.
Qırğız ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezdent Sadır Japarov kənd sakinləri ilə görüşüb, onlara səmimi salamlarını çatdırıb, əmin olduğunu bildirib ki, bu tarixi hadisə iki qardaş xalq arasında mənəvi əlaqələri daha da möhkəmləndirəcək. Qırğızıstanın dövlət başçısı deyib: “Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir. Arzu edirəm ki, bu məktəbin şagirdləri həmişə ən uğurlu və ən yaxşı olsunlar”.
Qırğız mediası Sadır Japarovun Xankəndinə ECO-nin 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birlikdə Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləməsi barədə də material və fotoşəkillər dərc edib.