07 iyul 2025 11:41
89

Radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil, dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir. “Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar sadəcə bir texniki qurğu deyil, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: Nəqliyyat vasitəni yüksək sürətlə sürsək, nə qazanırıq? – cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar. Müşahidələr göstərir ki, radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır. Sürət həddinə nəzarət etməklə radar potensial faciələrin qarşısını alır. Bu bizim üçün sadəcə bir cihaz deyil, yol təhlükəsizliyinə töhfədir. Radar-bizim tərəfdaşımızdır, həm də sizin yol yoldaşınızdır. Onun varlığı yolda intizam yaradır, yetər ki, riayət edək. Hər birinizə sağlam və təhlükəsiz yollar arzulayırıq”,- deyə müraciətdə bildirilib.