Hazırda Azərbaycanda 4300 tarixi-mədəni abidə Mədəniyyət Nazirliyinin nəzarətindədir və bu abidələrin hər biri milli-mədəni sərvət kimi qiymətləndirilir.
“İki sahil” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsi zamanı söyləyib.
O bildirib ki, dövlət səviyyəsində tarixi abidələrin mühafizəsi üçün yeni hüquqi və inzibati mexanizmlər formalaşdırılıb: “Bu istiqamətdə müəyyən haqqında qanunun qəbulu da mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə vahid sistem əsasında tarixi abidələrin pasportlaşdırılması prosesi həyata keçirilir. Bu, abidələrin hüquqi statusunun müəyyənləşdirilməsi, qorunma vəziyyətinin monitorinqi və gələcəkdə bərpa işlərinin planlaşdırılması üçün əsaslı baza yaradır”, – deyə nazir vurğulayıb.
O, eyni zamanda, qeyd edib ki, tarixi-mədəni irsin qorunması təkcə dövlətin və ya nazirliyin deyil, bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Bu mənada, ictimaiyyətin, xüsusilə də gənc nəslin bu sahədə maarifləndirilməsi olduqca vacibdir.
“Təəssüf ki, bu gün əhalinin bir hissəsi tarixi abidələrin əhəmiyyəti və onların qorunması ilə bağlı kifayət qədər məlumata malik deyil. Halbuki hər bir vətəndaşın bu abidələrə münasibətdə hüquqi və mənəvi öhdəliyi var. Cəmiyyətin bu prosesə cəlb olunması bizim üçün prioritet məsələlərdən biridir”, – deyə Adil Kərimli əlavə edib.
Nazir həmçinin qeyd edib ki, bu məqsədlə müxtəlif maarifləndirmə proqramları, ictimai kampaniyalar və mədəni irsin təbliğinə yönəlmiş tədbirlər hazırlanır. Məktəblərdə və ali təhsil müəssisələrində bu mövzular üzrə tədrisin gücləndirilməsi və abidələrin qorunmasına ictimai nəzarətin təşviq olunması da gələcək planlar sırasındadır.