ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Lixtenşteynə də təsir edib.
“İki sahil” Financial Times-a istinadla xəbər verir ki, bu ölkədə rusiyalı iş adamları və ya təşkilatları ilə əlaqəli yüzlərlə hüquqi şəxs qeydiyyatdan keçib.
Lakin sanksiyalar tətbiq edildikdən sonra bu hüquqi şəxslərin fəaliyyəti iflic vəziyyətə düşüb, bir çox yerli idarəçi və inzibatçılar istefa verib.
Lixtenşteyndə qeydiyyatdan keçmiş 800-ə yaxın hüquqi şəxs üçün problemlər yaranıb - onlar formal olaraq mövcuddur, amma əslində onların işi dondurulub.
Aİ-nin 2022-ci ildə Rusiya biznesləri və dövləti ilə əməliyyatları məhdudlaşdıran geniş sanksiyalarına əlavə olaraq, 2024-cü ildə ABŞ Lixtenşteyndə rus iş adamları ilə əlaqələri olduğuna və Rusiya ilə bağlı əməliyyatlar apardığına inandığı bəzi qurum və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
ABŞ həmçinin Lixtenşteynə xəbərdarlıq edib ki, Rusiya müştəriləri ilə işləyən xarici maliyyə qurumlarına, hətta bu müştərilər fərdi sanksiyalara məruz qalmasa belə, onlara ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər. Yerli bankirlər və hüquqşünaslar ehtiyat edirlər ki, Lixtenşteyn hökuməti müdaxilə edib tədbir görməsə, vəziyyət bütün ölkənin, o cümlədən iri bankların maliyyə bazarına mənfi təsir göstərə bilər.