08 iyul 2025 01:18
84

Din pərdəsi, revanşist hiyləsi, Türkiyə qorxusu - TƏHLİL

Ermənistanın  rəsmi Ankara  ilə yaxınlaşmasından təşvişə düşən  kilsə –revanşistlər-sabiqlər üçlüyünün Cənubi Qafqazda narahatlıq,  yeni müharibə yaratmaq cəhdləri öz başlarında çatlayacaq

Cənubi Qafqazın başağrısı, kor bağırsağı  olan Ermənistanda gərgin  vəziyyət  davam edir. Hakimiyyətin rəsmi Kremlə qarşı  etirazlarını bildirdiyi zamanda rusiyameyilli  qüvvələr tərəfindən  idarə olunan Erməni Apostol Kilsəsinin  (EAK) təlimatlandırılmış, çirkin işlərini xristian pərdəsi altında gizlədən  «din xadimlərinin» ölkədə yaratdıqları qarşıdurma demək olar ki, bütün əyalətləri bürüyüb.   Dövlət çevrilişinə cəhddə və terror hadisələrində  günahlandırılan arxiyepiskop Baqrat Qalstanyanın, Rusiya vətəndaşı, iş adamı Samvel Karapetyanın həbsindən sonra daha da şiddətlənən din- hakimiyyət qarşıdurması hələ də səngimir.   Yaranan vəziyyətin kilsədən qaynaqlandığını bilən və səbəbkarların cəzalandırılmasını tələb edən Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə  kilsədə  yoxlamaların aparıldığı 27 iyun tarixini « Milli rüsvayçılıq günü» adlandıran  II Qaregin EAK arxiyepiskopu, dövlət çevrilişinə cəhddə ittiham olunan Mikael Açapaxyana qarşı cinayət işinin qaldırılmasına da etirazını bildirir.

Kilsənin yenilənməsini, bütün ermənilərin katolikosu üçün növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini bəyan edən baş nazirə qarşı ittihamların səsləndirilməsi  bölgələrdə də qarışıqlıq yaradıb. İki aydan artıqdır ki,  ermənilərin katolikosu, subaylıq andını pozan  II Qareginə və Erməni Apostol Kilsəsinin arxiyepiskoplarına qarşı sərt bəyanatlarla çıxış edən Paşinyan tələbində israrlı görünür. Amma kilsə hələ də  geri çəkilməyəcəyini bəyan edir.  Özünə haqq qazandırmaq üçün çıxış yolu kimi ölkə gənclərinə müraciət edən II Qareginin  təşkilatçılığı ilə «Xristian ailəsi - erməni kimliyinin sütunu”» devizi altında ümumerməni ziyarətinin açılış mərasimi keçirilib.  EAK Ümumdünya Gənclər Birliyinin yaradılmasının 25-ci ildönümünə həsr olunan  aksiyasında erməni kilsəsinin üzvləri və rəhbərləri, eləcə də Ermənistanın müxtəlif yeparxiyalarından və diaspor təşkilatlarından olan 300-ə yaxın kilsəyə sadiq gənc iştirak edib. Tədbiri  kilsənin  «güc nümayişi»”  adlandıran II Qaregin  gəncləri   hakim dairlərin    Erməni Apostol Kilsəsi əleyhinə  başlatdığı kampaniyaya  qarşı birgə mübarizəyə  çağırıb. Lakin tədbirdə ruhanilərlə birgə   iştirak edən vətəndaşların sayı 1500-dən artıq olmayıb. Belə  görünür ki,  Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gələn il keçiriləcək  parlament seçkilərinə qədər davam edəcək.  Artıq bu ölkənin KİV-lərində  Qareginin «seçim” qarşısında olması», hansısa qüvvələrlə  birlik yaradacağı barədə ilkin versiyalar haqqında açıqlamalar verilir. Paşinyan isə  bir çox Qərb erməni diaspor təşkilatlarından və xarici dövlətlərdən kilsəyə yardım edilməyəcəyi ilə bağlı zəmanət alıb. Belə ki, açıq fazaya keçən  mübarizənin nəticəsi ölkə vətəndaşları kimi, respublikadan kənarda yaşayan ermənilər üçün də maraqlıdır. 

Dövləti cinayətdə, revanşistləri dəstəkləməkdə   günahlandırılan,  insanları etiraz aksiyalarına təhrik edən Ermənistanın sabiq prezidentləri  Serjik Sarkisyanın, Robert Koçaryanın  hakimiyyəti illərində  ölkədə çiçəklənən korrupsiya  ilə bağlı  cinayətlərin araşdırılması qarşıdurmaları  daha da  gərginləşdirir.  Ermənistan Milli Təhlükəsizlik  Xidmətinin  keçmiş direktoru  Karlos Petrosyanın dövlət əmlakını mənimsəməkdə, qohumlarının və yaxınlarının qanunsuz olaraq mənzillərin istismari ilə bağlı  faktların araşdırılması prosesi davam etdirilir      

 Bəllidir ki,  Ermənistan iqtisadiyyatının əsas sahələri,   iri sənaye obyektləri kimi,   elektirik şəbəkəsi də illərdən bəridir ki,  Rusiyanın nəzarətindədir. Ölkənin  elektrik şəbəkəsinin milliləşdirilməsi ilə bağlı  işlərin görülməsini tələb edən Paşinyanın bu « islahatını» anti-Rusiya  hərəkət adlandıran  qərəzli qüvvələr  məsələnin müzakirəyə çıxarıldığı parlament iclasında belə  qarşıdurma yaratmışlar. Yuxarıda adı çəkilən iş adamı Samvel Karapetyana məxsus «Ermənistanın Elektrik Şəbəkələri»” şirkətinin milliləşdirilməsi haqqında qanunun  müzakirəsi zamanı düzəlişlər paketi qəbul olunub. Deputat Ovik Aqazaryanın məsələyə etiraz etməsi ilə üzvü olduğu  keçmiş partiya tərəfdaşları arasında gərginlik yaşanıb. Parlamentin  vitse-spikeri Akop Arşakyan Aqazaryanı nizam-intizama riayət etməyə çağırıb. Deputatın   iclas zalından çıxarılmasını tələb edib və onun müzakirələrdə iştirakına qadağa qoyulub. Məlumat üçün bildirək ki, Ovik  Aqazaryan 2024-cü ilin dekabrına qədər  üzvü olduğu «Vətəndaş müqaviləsi»” Partiyasından  kənarlaşdırılıb. 2025-ci ilin yazında o, yeni siyasi partiya yaradaraq baş nazir Nikol Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edib. Hazırda da baş nazir Paşinyanın  istefasını tələb edənlar sırasındadır.

Bəlli olan əsas mətləb isə tamam başqadır. Gələn il ölkədə keçiriləcək parlament seçiklərində qələbə qazanmaq üçün  kilsə ilə  əməkdaşlıq edən ölkə revanşistlərinin əsas məqsədləri Azərbaycanla imzalanacaq sülh sazişinin imzalanmasını  yubatmaq, ölkə konstitusiyasında rəsmi Bakının əsas tələbi olan  qonşu ölkələrə qarşı ərazi iddiaları ilə bağlı maddənin çıxarılmasına əngəl olmaqdır. Konstitusiya islahatı üzrə Şuranın uzun müddətdən sonra ilk iclasının keçirilməsi ilə bağlı açıqlama verən Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, layihənin müzakirəsi açıq ola bilər: «Mətn hazırlanma mərhələsindədir. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim ediləcək.» Nazir əlavə olaraq vurğulayıb ki, Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər məsələsi də müzakirə  ediləcək.

 Xatırladaq ki, baş nazir Nikol Paşinyan hələ 2018-ci ildə konstitusiya islahatının zəruriliyini qeyd edib. Bu münasibətlə  Konstitusiya İslahatı Komissiyası yaradılıb. İlkin  mərhələ kimi  ədliyyə sistemində, dövlət idarəçiliyində yeni icra strukturları ilə bağlı dəyişikliklər edilib. Rəsmi Bakının  sülh müqaviləsinin imzalanması ilə bağlı  Ermənistanın konstitusiyasında  dəyişiklik  şərti  ilə bağlı  referendum keçirilməsi planlaşdırılır.  Paşinyanın tərəfdarları 2026-cı il referendumunun parlament seçkiləri ilə paralel keçirilməsini məqsədəuyğun hesab edirlər.

 Ermənistanda aktuallaşan daha bir məsələ isə bu ölkənin əsas tərəfdaşı  olan Rusiyanın   Gümrüdə  yerləşdirdiyi  102-ci hərbi birləşməsinin daha da gücləndirilməsidir. Artıq Rusiyadan bu hərbi hissəyə əlavə  qüvvələrin  yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Qərbdə yeni havadar axtaran Ermənistanın  pəsmi Kreml   ilə münasibətlərində yaranan soyuqluq, Rusiya hərbçilərinin bu ölkənini ən iri hava limanı sayılan  Zvartnosdakı təhlükəsizliyin , sərhədlərin qorunması səlahiyyətlərindən uzaqlaşdırılması müqabilində   bu ölkədə əlavə hərbi kontingent yerləşdirilməsi heç bir məntiqə sığışmır.

 Amma Ermənistanda gərginliklərin, qarşıdurmaların  yaranmasının başlıca səbəbi  baş nazir Nikol Paşinyanın  Türkiyəyə  səfəri ilə bağlıdır. Ermənistanın qonşu  ölkə ilə  yaxınlaşmasını özlərinin məhvi  hesab edən din –revanşistlər- sabiqlər üçlüyüyünün   Cənubi Qafqazda yeni müharibə yaratmaq cəhdləri siyasi şou, xarici havadarlarından aldıqları qrantlar naminə bölgədə çaxnaşma yaratmaqdır.

Xuraman İsmayılqızı, "İki sahil"