İyulun 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofi Kiladze arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın müzakirəsinə həsr olunmuş görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Komitədən bildiriblər ki, B.Muradova qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanması zamanı beynəlxalq təcrübənin və dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Peşəkar mütəxəssislərin tövsiyələrinin sənədin hazırlanması prosesinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Komitə sədri sənədin hazırlanması zamanı milli dəyərlərlə beynəlxalq öhdəliklərin uzlaşdırılmasının gələcək nəslin təhlükəsiz və sağlam inkişafına töhfə verəcəyini bildirib.
O, ekspertlərin dövlət qurumları, o cümlədən Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə birgə keçiriləcək görüşlərinə diqqət çəkərək deyib ki, uşaqların iştirakı ilə sənədin hazırlanması onların öz hüquqlarına dair fikir bildirmələri baxımından önəmlidir və prosesə daha obyektiv yanaşmanı təmin edəcək.
Ekspert Sofi Kiladze uşaq məsələləri üzrə fəaliyyət planının hazırlanmasında beynəlxalq tövsiyələrin nəzərə alınmasının, eləcə də real və həyata keçirilə bilən hədəflərin müəyyən edilməsinin uğurlu nəticələrə yol açacağına inandığını bildirib. Ekspert milli-mənəvi dəyərlərin nəzərə alınmasının və ümumi məqsəd ətrafında mövqelərin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkən Sofi Kiladze bu sahədə etik və hüquqi məsələlərin, xüsusilə də fərdi məlumatların qorunmasının önəmini qeyd edib. O əlavə edib ki, süni intellekt təkcə risklər deyil, həm də təhsil sahəsində bütün uşaqlara bərabər bilik və imkanlar təqdim etmək baxımından yeni fürsətlər yaradır. Ekspert, həmçinin bu sahədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində uğurlu fəaliyyətdən bəhs edib.
Görüşdə yerli ekspert qismində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova da iştirak edib. Tərəflər ortaq dəyərlərə əsaslanan davamlı əməkdaşlığın inkişaf etdirilməsinin regionda sabitlik və sosial rifah üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.