07 iyul 2025 19:23
105

Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

“İki sahil” xəbər verir ki,  AYNA-dan bildirilib ki, növbəti belə yerlər 8 Noyabr prospektindəki 4 ünvanda (“Zəfər parkı”nın yaxınlığı, 2 saylı “ASAN xidmət” mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazi) təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl 5 məntəqədə - Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır. Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.