08 iyul 2025 09:00
163

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir - TƏHLİL

Xarici siyasətimizin dəyişməz prinsipləri uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır

Xarici siyasətimiz  milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu gün Azərbaycan qarşısına qoyduğu bir çox hədəflərə çatıb, bölgənin aparıcı aktoruna, Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Ölkəmiz hazırda uğurlu daxili və xarici siyasət həyata keçirərək bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıqlar yaradaraq Şərq-Qərb əməkdaşlığında da əsas halqalardan birinə çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. 

Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan ölkəmizin inkişaf strategiyası gələcəyə  daha inamla baxmağa əsas verir. Xarici siyasətimizin dəyişməz prinsipləri uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf səviyyəsi göz qabağındadır. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan  əlaqələr tarixi Zəfərimizdən ötən beş ildə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.

Azərbaycan ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət göstərir. Bu isə öz növbəsində əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə və uğurlu inkişafına yol açır. Azərbaycan tarixi Zəfərindən, eyni zamanda, 2023-cü ilin  sentyabrında suverenliyini tam bərpa etməsindən sonra yeni dövrə qədəm qoyub. Bu dövrün öz hədəfləri vardır. Dövlət başçısı İlham Əliyev ötən  ilin fevralın 7-də ölkəmizdə keçirilən  prezident seçkilərindən sonra andiçmə mərasimində Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs etdi. Bu mühüm məqam xüsusi qeyd edildi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir: «Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.»  Prezident İlham Əliyev belə bir çağırışı səsləndirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq: «Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.»

İyulun 4-də qədim Azərbaycan torpağının, Xankəndi şəhərinin ev sahibliyi etdiyi  İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bütün bu məqamlara bir daha aydınlıq gətirdi. İştirakçı ölkələrin dövlət başçılarının çıxışlarında Azərbaycanın gələcəyinə böyük inam ifadə edildi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir. Bu gün Azərbaycan-Çin münasibətləri diqqətdən kənarda qalmır. Onu da qeyd edək ki, Çin ilə  Azərbaycan  arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan  Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.  Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir. Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkənin mədəni münasibətlərinin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır. Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda Sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirildiyinin şahidi oluruq. Bu, ilk növbədə, onunla əlaqədar idi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq Çinlə mədəni əlaqələrin aparılması Sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq aparırdı.  İndiki mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq, ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır. Azərbaycan isə rəsmi Pekinlə sıx siyasi və iqtisadi münasibətlər qurmuş ölkələr sırasındadır.

Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Zirvə görüşündəki çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Ona görə təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Görüşün gündəliyinə uyğun olaraq, təşkilatın orta və uzunmüddətli inkişaf prioritetləri aydın şəkildə müəyyən edilməlidir.  Bunun üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz, həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir. Sərmayə əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün “ECO invest” uzunmüddətli proqramını qəbul etmək və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsü ilə çıxış etmişik. Bu proqramın əsas məqsədi özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionumuzda perspektivli layihələrə cəlb etməkdən ibarətdir.

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ötən il başlanması mühüm hadisə idi. Gələcəkdə bu dəmir yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək və böyük regionumuzda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcək. Məhz rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün həyata keçirilməsi labüddür. Çünki bunun sayəsində  nəqliyyat və logistika sektorlarında rəqəmsallaşma sistemli şəkildə təşkil ediləcək.

Göründüyü kimi, əlaqələrin inkişafında iqtisadi amil əsas rol oynayır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu əlaqələrin inkişafında öz sözünü deyir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Hazırkı dövrün əsas çağırışlarından biri  bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə malik olduğu potensial beynəlxalq səviyyədə təqdir edilir. Hazırkı dövrdə Azərbaycanın diqqətdə dayanmasını şərtləndirən mühüm məqamlardan biri ötən il  COP29 iqlim konfransına uğurla ev sahibliyi etməsidir. Zirvə görüşündə dövlət başçısı İlham Əliyev diqqəti COP29 tədbirinə yönəldərək bildirdi ki, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.

Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Orta Dəhliz” kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.

Azərbaycan dövlətinin nəqliyyat sektoruna verdiyi strateji önəmi və region ölkələri ilə əməkdaşlığa göstərdiyi səyləri  atdığı addımlarda aydın şəkildə ifadə edir. Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi ECO məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Bu da üzv dövlətlər arasında ticarətin asanlaşdırılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.

ECO-nun Xankəndi Zirvə görüşü Azərbaycanın xarici siyasət uğurlarının təqdimatında əhəmiyytəli rol oynadı. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələri yüksələn xətlə inkişaf edir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə türk dünyasının birilyinə, həmrəyliyinə verilən önəm ölkələr arasında əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Zirvə görüşündə Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı bir daha təsdiqləndi. Bu ilin 28 May-Müstəqillik Günündə azad Qarabağımız, Laçınımız Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünə ev sahibliyi etdi.

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Ölkəmizin ev sahibliyi etdiyi, eyni zamanda, iştirakçısı olduğu beynəlxalq tədbirlər daim belə əməkdaşlıq formatlarına yol açan mühüm addımların atılması, qərarların qəbulu ilə yadda qalır.  İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bir çox ilklərə imza atıldığını bildirdi və qeyd etdi ki, Azərbaycan həm ECO üçün yeni standartlar müəyyən edir, həm də təşkilat daxilində həmrəyliyi gücləndirir. Cəsarətin, möhkəmliyin və dirçəliş ruhunun qüdrətli rəmzi kimi dayanan Qarabağın gözəl Xankəndi şəhərində bu tarixi Zirvə görüşünə hazırlıq işlərinə yüksək səviyyədə nəzarət etdiyinə görə  Prezident İlham Əliyevə ən səmimi təşəkkürümüzü bildiririk. Cənab İlham Əliyevin liderliyi və uzaqgörənliyi sayəsində  Zirvə görüşündə bir sıra ilklərə imza atıldı: «Birincisi, biz bu Zirvə görüşü çərçivəsində qeyd olunan ilk ECO həftəsində təkcə regionun rəhbərliyini, bir sıra xüsusi qonaqları deyil, həm də ECO təşkilatının bütün ailəsini bir araya gətirə bildik. Bu, bizim ilk ECO həftəsi çərçivəsində baş tutmuşdur. Həmçinin bu Zirvə görüşündə ilk dəfə olaraq biz ECO-nun 2035-ci ilədək yeni strateji məqsədlərini hazırlamaq üçün hökumətlərdən başqa, digər maraqlı dairələri, o cümlədən qadınları, gəncləri və özəl sektoru da cəlb etdik. Aydındır ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı. Ümidvarıq ki, gələcək Zirvə görüşləri bu təcrübəni davam etdirəcək.”

 Ölkəmizin xarici siyasət uğurları “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsində geniş müzakirə olundu. Azərbaycanın xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlar çıxışların əsasını təşkil etdi. İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan  mərasimdə xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar barədə müzakirələr aparıldı. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edildi, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi diqqətə çatdırıldı.

Təkcə bir Azərbaycanın bir beynəlxalq tədbirə ev sahibliyi fonunda çoxşaxəli xarici siyasətinin uğurlarının şahidi olduq. Hər bir məsələnin beynəlxalq hüququn norma  və prinsipləri çərçivəsində həllinə səy göstərən Azərbaycan bu gün də sülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi tanınır və nüfuz qazanır. Regionda dayanıqlı sülhə nail olmaqla yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açılacaq ki, bu da öz növbəsində əlaqələrin yeni istiqamətlər üzrə inkişafına stimul verəcək.

Yeganə Əliyeva, "İki sahil"