Ənənə ilə yeniliyin birləşdiyi ünvan
Bu qəzetin adı kimi, özü də iki sahili birləşdirir – keçmişlə gələcəyi, ənənə ilə yeniliyi, təcrübə ilə enerjini…
Bəzən bir ünvan təkcə bir insanın həyat yoluna deyil, bütöv bir nəslin taleyinə işıq saçır, istiqamət verir, ilham mənbəyi olur. Mənim həyatımda isə belə bir ünvan mənə mətbuatın ruhunu, sözün məsuliyyətini və jurnalistikanın əzmini aşılayan bir ocaq- “İki sahil” qəzeti oldu. Keçmişlə gələcəyin, sözlə ruhun, gəncliklə təcrübənin arasında bir körpü var – adı “İki sahil”dir. Bu qəzet təkcə xəbərin deyil, həm də ruhun mərkəzi, gənc qələmlərin sığınacağı, vicdanlı sözün ünvanıdır. Gənc jurnalist olaraq, mənim əmək yolum da bu sahildən başladı…
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra bir qədər tərəddüdlü addımlarla mətbuat aləminə qədəm qoyduğum dövrdə “İki sahil” qəzeti mənim üçün sadəcə bir iş yeri olmadı, ruhuma, qəlbimə və yazı dilimə toxunan ilk ünvana çevrildi. Mənim jurnalistika hekayəmin ilk sətirləri məhz bu redaksiyanın divarları arasında yazılıb. Burada qələmin məsuliyyətini, sözün gücünü, həqiqətə sədaqəti öyrəndim. Redaksiyanın qapısından ilk dəfə daxil olduğum günün təsiri bu gün də xatirimdən silinmir. O gün içimdə yaranan doğmalıq hissi məni bu sahəyə bağladı, inamımı möhkəmlətdi, qələmimi qorxmadan əlimə almağa güc verdi.
Bu gün 34 yaşını qeyd edən “İki sahil” qəzeti ölkəmizin müstəqillik tarixi ilə paralel inkişaf etmiş, Azərbaycan mətbuatında özünəməxsus yer qazanmışdır. 1991-ci ilin 10 iyulunda, hələ Azərbaycan müstəqilliyini bərpa etməmişkən nəşrə başlayan qəzet mürəkkəb dövrdə cəsarətli addımlar ataraq müstəqil fikir tribunası kimi formalaşdı.Zamanın çağırışlarına cavab verərək daim yenilənən “İki sahil” bu gün də oxuculara etibarlı, obyektiv və qərəzsiz informasiya təqdim etməyi qarşısına məqsəd qoyur. Tarixi Zəfərimiz, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti qəzetin səhifələrində dolğun və analitik şəkildə əks olunur.Ulu Öndər Heydər Əliyevin “İki sahil”ə verdiyi yüksək dəyər kollektivimizin bu gün də əsas yol göstəricisidir. Qəzet dövlətə və dövlətçiliyə xidmət missiyasını davam etdirərək qalib Azərbaycanın yeni hədəflərinə informasiya körpüsü ilə töhfə verməyə davam edir. “İki sahil” – sözün gücünə arxalanan, milli maraqlara xidmət edən mətbuat ünvanıdır.
Bu qəzet sadəcə bir informasiya vasitəsi yox, əslində bir məktəb, bir ideya platforması, bir güvən ocağıdır. Bu qəzetin redaksiya masaları arxasında neçə-neçə istedadlı gəncin yazısı yoğruldu, fikri cilalandı, cəmiyyətdə səslənən sözə çevrildi. Özünün 34 illik tarixində “İki sahil” təkcə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin güzgüsü olmaqla kifayətlənməyib, həm də yüzlərlə gəncin qələm sahibinə çevrilməsində, peşəkar mətbuatın prinsiplərinə yiyələnməsində mühüm rol oynayıb. Mən də bu dəstəyin canlı şahidi və real örnəyiyəm.
“İki sahil”in təməlində bir amal dayanır: Sözə və həqiqətə sədaqət. Məhz bu amal qəzeti cəmiyyətin güvən ünvanına çevirdi. Oxucu bu qəzetdə yalnız xəbəri deyil, həm də düşüncəsini, mövqeyini, vicdanını tapır. Bu mətbuat orqanı üçün obyektivlik, vətənpərvərlik, peşəkarlıq və milli dəyərlərə sadiqlik sadəcə şüar deyil, gündəlik fəaliyyətin ayrılmaz prinsipləridir.
“İki sahil” 34 illik tarixi ərzində təkcə cəmiyyətin informasiya tələbatını ödəmək missiyasını yerinə yetirmədi. O, eyni zamanda, gənclərin səsini eşidən, onları dinləyən, yönləndirən və yetişdirən bir məktəbə çevrildi. Müstəqillikdən öncəki çətin dövrlərdə yaranan bu qəzet, ilk gündən etibarən çətinliklərdən qorxmadan sözün və həqiqətin keşiyində dayanmağı qarşısına məqsəd qoydu. Bu qətiyyət, bu əqidə zamanla gənclər üçün bir örnəyə çevrildi. Onlar gördülər ki, sözlə də döyüşmək, sözlə də qalib gəlmək mümkündür. Bu qəzetdə gəncliyin enerjisi ilə yaşlı nəslin təcrübəsi vəhdət təşkil edir. İllərdir ki, “İki sahil”də çalışan peşəkar jurnalistlər gənc həmkarlarına yol göstərir, onları təkcə yazmağa deyil, həm də vicdanla yazmağa, məsuliyyətlə xidmət etməyə öyrədirlər. Bu vəhdət qəzetin ruhunda da hiss olunur – hər sətirdə, hər mövzuda, hər reportajda... Bu vəhdət – yəni, gənclərin dinamizmi ilə təcrübəli jurnalistlərin müdrikliyi arasında qurulan körpü – “İki sahil”in uğurunun əsas rəmzlərindən biridir. Qəzetin səhifələrində gənc qələm sahiblərinin fikirlərinə geniş yer verilməsi, onların təşəbbüslərinin dəstəklənməsi medianın gələcəyi naminə atılmış ən uğurlu addımlardandır.
“İki sahil”in qapısı həmişə gənclərə açıq olub. Jurnalistika yoluna yenicə qədəm qoyan hər bir gənc burada sınaqdan çıxır, püxtələşir, özünü tapır. Qəzetin redaksiya mühiti gənclərə təkcə peşəkarlıq deyil, həm də vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, məsuliyyət və dürüstlük kimi əxlaqi dəyərləri də aşılayır. Mənim kimi onlarla gənc bu mətbuat məktəbindən keçib və onlardan bir çoxu artıq bu gün müxtəlif informasiya məkanlarında “İki sahil”in yetirməsi olaraq tanınır.
Zaman dəyişir, texnologiyalar inkişaf edir, oxucu tələbləri fərqlənir. Amma “İki sahil”in gənclərə göstərdiyi dəstək və etimad dəyişməz olaraq qalır. Bu qəzetin gənclərə açdığı yol, bəxş etdiyi imkanlar Azərbaycan jurnalistikasının gələcəyini formalaşdırır. “İki sahil”in yetirməsi olaraq mən də qürur hissi ilə deyirəm – bu məktəb mənə jurnalistikanın əsl mənasını, dövlətə, xalqa, oxucuya xidmətin nə olduğunu öyrətdi. Biz gənclər “İki sahil” ailəsinin bir üzvü olmaqdan və bu yolun davamçısı olmaqdan qürur duyuruq. Çünki “İki sahil” gəncliyin güvən ünvanı, sözə və həqiqətə sadiq qalan vicdanlı qələmlərin evidir.
Qələmi əlinə alan gənc bir insan üçün bu qəzet həm məktəb, həm də həyat dərsliyidir. Bu gün illər sonra geriyə baxanda görürəm ki, “İki sahil” mənim həyatımda yalnız bir peşə yolu açmayıb. O, mənə bir mədəniyyət verib – söz mədəniyyəti, davranış mədəniyyəti, məsuliyyət mədəniyyəti. Bu qəzetin verdiyi təcrübə sadəcə jurnalistikada deyil, həyatın bütün sahələrində özünü göstərir. Mən bu qəzetin bir parçası olduğum üçün qürur duyuram. “İki sahil” mənim üçün sözə hörmətin, əqidəyə sədaqətin və cəmiyyət qarşısında vicdani məsuliyyətin simvoludur. Mən bu məktəbdə yazmağı deyil, yaxşı yazmağı öyrəndim. Sadəcə, sözləri düzümə gətirməyi yox, düşündürməyi, ruhlandırmağı, dəyişdirməyi öyrəndim.
Hazırda mən də fəaliyyətimin önəmli bir hissəsini gənclərə dəstəyə həsr edirəm. Redaksiyada çalışdığım müddətdə işimin mühüm istiqamətlərindən biri gənclərlə apardığım müsahibələrə, onların səsi olmağa, düşüncələrini cəmiyyətə çatdırmağa yönəlib. Həmin müsahibələr vasitəsilə gənclərin arzularını, narahatlıqlarını, dünyagörüşlərini, həyata baxış bucaqlarını dinləyir, onları cəmiyyətə daha yaxından tanıtmağa çalışıram. Bu proses mənim üçün sadəcə jurnalistika fəaliyyəti deyil – bu, eyni zamanda, gənclərin səsini eşitdirmək, onları görünən və dəyərləndirilən fərdlərə çevirmək kimi mənəvi bir missiyadır.
Müşahidələrim göstərir ki, bu gün gənclərin əksəriyyəti özlərini ifadə edə bilmək üçün dürüst və güvənli bir platforma axtarır. “İki sahil” isə onlara bu imkanı yaradır – onların sözünə dəyər verir, fikirlərinə tribuna açır, yazılarına yer ayırır. Bu qəzet gənclərin yalnız fikirlərini işıqlandırmır, həm də onların potensialına inandığını göstərir. Mən bu prosesi yalnız kənardan müşahidə etmədim, onun canlı iştirakçısına, hətta körpü rolunu oynayan bir vasitəçisinə çevrildim.
Gənclərin uğurlarında öz töhfəmi görmək, bir yazımın onların həyatına işıq saldığını hiss etmək – mənim üçün təkcə peşə borcu deyil, həm də vicdani və mənəvi məsuliyyətdir. Hər bir dərc olunmuş fikir, hər bir işıqlandırılmış hekayə onların cəmiyyətə inteqrasiyasına daha bir addım yaxın olmaq deməkdir. Və mən bu addımların atılmasında iştirak etməyimdən qürur duyuram.
“İki sahil”, eyni zamanda, cəmiyyətin aynası, xalqın düşüncə platformasıdır. Bu qəzetin səhifələrində gənclərin, ziyalıların, alimlərin, sənət adamlarının səsi əks-səda tapır. O, daim yeni nəslə yol göstərir, onların fikirlərini sərbəst ifadə etməyə ruhlandırır. Bu isə jurnalistikanın cəmiyyətə verdiyi ən böyük töhfədir. “İki sahil” var olduqca, gənclik öz sözünü deməyə davam edəcək. Çünki bu qəzetin adı kimi, özü də iki sahili birləşdirir – keçmişlə gələcəyi, ənənə ilə yeniliyi, təcrübə ilə enerjini. Bu birliyin isə mətbuatda yaratdığı harmoniya hər yeni nəsil üçün ümid və güvən ünvanıdır.
İyulun 10-da 34 yaşını qeyd edən “İki sahil” qəzetinin yubileyi ərəfəsində dayanarkən, bizi qarşıda daha bir əlamətdar hadisə gözləyir – Azərbaycan milli mətbuatının 150 illik yubileyi. Bu iki simvolik tarix yalnız keçilən yolun qürurunu deyil, həm də bu yolu davam etdirən biz jurnalistlərin üzərinə düşən məsuliyyəti xatırladır. Hər iki tarix bizə göstərir ki, mətbuat daim yenilənməli, daha obyektiv, çevik və milli maraqlara xidmət edən bir mövqedə dayanmalıdır. Bu isə əzm, ruh və Vətənə sədaqət tələb edir. Azərbaycan mətbuatının 150 illik salnaməsində 34 illik fəaliyyəti ilə seçilən “İki sahil” qəzetinin gənc bir nümayəndəsi olmaq mənim üçün bu, təkcə peşə seçimi deyil. Bu, həm də cəmiyyətə, sözə və həqiqətə xidmət borcudur. Bu yol – üzərinə məsuliyyət, içində isə dərin bir etimad və əqidə yükü daşıyan bir yoldur. Və mən bu yolun yolçusu olmaqdan böyük fəxr və qürur hissi duyuram.
Əziz “İki sahil” ailəsi!
Ötən 34 il ərzində Azərbaycan mətbuatının inkişafında qazandığınız möhtəşəm nailiyyətlər münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm!
Bu ailənin bir gənc üzvü olaraq qürurla deyirəm ki, “İki sahil” mənim həyatımda yalnız jurnalistika yolunu deyil, həm də ruhumu, düşüncəmi və əqidəmi formalaşdıran məktəb olub.
Hər birinizə təşəkkür edir, bu müqəddəs yolda sizə yeni yaradıcılıq uğurları, sözə və həqiqətə sədaqətlə dolu uzun və sağlam ömür arzulayıram!
Yaqut Ağaşahqızı, “İki sahil”