10 iyul 2025 08:08
120

Aİ gələcək böhranlara hazır olmaq üçün vacib tibbi ləvazimatların ehtiyatını yaratmağı planlaşdırır

Avropa İttifaqı gələcəkdə baş verməsi ehtimal edilən səhiyyə böhranları zamanı istifadə etmək məqsədilə həyati vacib tibbi avadanlıq və vaksinlərin ehtiyatını yaratmağı planlaşdırır. Həmçinin Aİ ölkələri arasında koordinasiyanı asanlaşdırmaq üçün xüsusi şəbəkənin yaradılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının böhranlara mübarizə üzrə idarəsinin rəhbəri Hadja Labib məlumat verib.

“COVID-19 pandemiyası zamanı üzləşdiyimiz vaksin və qoruyucu maska çatışmazlığını hələ də xatırlayırıq. Bizə cəmiyyətin fasiləsiz fəaliyyəti üçün zəruri olan əsas malların daim əlçatan olmasını təmin edəcək uzunmüddətli strategiya lazımdır”, – deyə Lahbib mətbuat konfransında bildirib.

Aİ-nin ehtiyatların yaradılması və tibbi əks-tədbirlərin qəbulu üzrə strategiyalarına uyğun olaraq, Avropada ehtiyatı yaradılacaq prioritet tibbi məhsulların siyahısı hazırlanacaq. Bu siyahıya vaksinlər, müalicəvi preparatlar, diaqnostika vasitələri və fərdi qoruyucu vasitələr daxil olacaq.

“Bəzi ölkələrin öz ehtiyatlarını yaratdığını bilirik, amma kimdə nə qədər olduğunu bilmirik. İlk addım məlumat mübadiləsidir”, – deyə Labib vurğulayıb.

Labibin sözlərinə görə, Aİ 2027-ci ilə qədər Səhiyyə Fövqəladə Hallara Hazırlıq və Cavab Proqramına (HERA) yatırılan investisiyaları iki dəfə artıraraq 234 milyon dollara çatdıracaq. Bu proqram elmi-tədqiqat və təcrübə-konstruktor layihələrini maliyyələşdirir.

Bundan əlavə, Avropa və qlobal miqyasda tullantı sularının keyfiyyətinə nəzarət sistemi yaradılacaq. Bu sistem Avropa hava limanlarında nümunələr götürərək xəstəlik ocaqlarını aşkar etmək və epidemiyaların yayılmasını real vaxt rejimində izləmək imkanı verəcək.