10 iyul 2025 14:54
146

İpoteka və Kredit Zəmanət Fondu jurnalistlər üçün təlim təşkil edib - FOTO

Medianın İnkişafı Agentliyi ilə birgə təşkil olunan təlimdə fondun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərdən bəhs olunub

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Medianın İnkişafı Agentliyi ilə birgə fondun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair jurnalistlər üçün təlim təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev əvvəlcə tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edib: “Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır. Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunması Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.”

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır: “Ulu Öndər Heydər Əliyevin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.”

Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, ictimaiyyətin dəqiq və dolğun informasiya ilə təmin edilməsində və sahəvi jurnalistikanın inkişafının stimullaşdırılmasında belə təlim və seminarların təşkilinin əhəmiyyətini vurğulayıb.

Daha sonra İKZF-nin baş meneceri Rasim Abdullayev “Fondun vəsaiti hesabına həyata keçirilən ipoteka kreditləşməsi, nailiyyətlər və gözləntilər” mövzusunda məlumat verib. Qeyd edib ki, fond fəaliyyətdə olduğu 2005-2024-cü illərin hamısını mənfəətlə başa vurub, 19 ildə ümumilikdə 172,1 milyon manat mənfəət əldə edib: “Bu il iyulun 1-nə qurumun aktivləri 4,2 milyard manat, o cümlədən məcmu kapitalı 1,28 milyard manat təşkil edib. İKZF-nin kapitalının aktivlərinə nisbəti 30,5 % təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fond ölkənin ən sağlam və yüksək dayanıqlığı olan maliyyə təsisatlarından biridir, mütərəqqi risk menecmenti sisteminə malikdir. Yerli maliyyə institutlarından yalnız İKZF ölkənin suveren reytinqinə bərabər beynəlxalq reytinqə malikdir. Onun istiqamətləri üzrə beynəlxalq təcrübə əsasında qəbul edilmiş vahid və təkmil standartlar tətbiq edilir. Qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya İKZF-yə məxsusdur. Fondun istiqrazları üzrə orta müddət 22 il təşkil edir. Fond Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankından sonra ölkənin ən iri emitentidir. Onun dövriyyədə olan istiqrazlarının dəyəri 2 milyard 382 milyon manatdır. 2009-cu ildən bu günə qədər 982,6 milyon manatlıq istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə 312,8 milyon manat faiz ödənilib".

İKZF-nin Kirayə Mənzil Departamentinin Kirayəçilərlə iş şöbəsinin rəisi Tapdıq Məmmədov “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqi” mövzusunda çıxış edib. Bildirib ki, fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi üçün müraciət edənlərin 51 %-i dövlət sektorunda işləyənlərdir. Müraciət edənlərin orta yaşı 34, orta aylıq gəliri 1 400 manat, orta aylıq ödəmə qabiliyyəti isə 1 200 manatdır: “Kirayə mənzil mexanizmi çərçivəsində təkcə bu il 1 023, ötən il isə 1871 müqavilə bağlanılıb. 2020-2025-ci illərdə bağlanmış müqavilələrin 56 %-i Abşeron rayonunun, 22 %-i Bakı şəhərinin, 22 %-i isə Sumqayıt şəhərinin payına düşüb."

İpoteka və Kredit Zəmanət Fondunun Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov “Fond tərəfindən qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların maliyyə vəsaitlərinə çıxışının dəstəklənməsi” mövzusunda təqdimatla çıxış edib. E.Kərimov məlumat verib ki, fondun ənənəvi mexanizm çərçivəsində güclü anderrayter təhlil prosesi və kredit reytinq modeli var. Yəni, bank təhlilindən fərqli olaraq orta təhlil prosesi var: “Bu səbəbdən də fondun keysindəki portfellər kifayət qədər sağlamdır. Qeydə alınan 4 defolt keysinə baxsaq görərik ki, hamısı real keyslərdir, məsələn, yanğın baş verib, biznes yanaraq kül olub. Nümunə kimi götürsək digərləri də belə keyslərdir. Həmin keyslər üzrə ödənişləri tam təmin etmişik. Bu il iyulun 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondu sahibkarların aldığı 299,856 milyon manat kreditə zəmanət verib. Bu kreditlərin 25 %-i təmir xidmətləri, topdan və pərakəndə ticarət, elm və təhsil sektoruna, 23 %-i emal sənayesinə, 22 %-i tikinti sənayesinə, 13%-i kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsinə, 3%-i turizm və ictimai iaşə sektoruna, 2 %-i nəqliyyat və anbar təsərrüfatına, 12 %-i isə digər sahələrdə xidmətlərin göstərilməsinə verilib. Ənənəvi mexanizm çərçivəsində 106 mindən çox, portfel təminatı mexanizmi çərçivəsində isə 200-ə yaxın sahibkarlıq subyektinin maliyyələşməsinə nail olmuşuq."

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Orxan Vahidoğlu, “İki sahil”