11 iyul 2025 14:07
121

Ümumdünya Əhali Günü çərçivəsində ictimai müzakirə keçirilib

11 İyul – Ümumdünya Əhali Günü çərçivəsində Bakıda “Azərbaycanda genderəsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda cinsə görə edilən selektiv abortların sosial, hüquqi və texnoloji səbəblərini dəyərləndirmək və problemin aradan qaldırılması üçün real həll yolları irəli sürmək olub. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai şuranın üzvü Məryəm Məcidova bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda son onilliklərdə doğulan hər 100 qıza 112–115 oğlan düşür: “Bu göstərici təbii bioloji normadan əhəmiyyətli dərəcədə yüksəkdir və cinsi selektivliyin, yəni cinsə görə abortların mövcudluğuna işarə edir. Tədqiqatlara görə, son 20 ildə on minlərlə qız uşağı yalnız cinslərinə görə doğulmayıb. Bu, təkcə demoqrafik tarazlığı pozmaqla kifayələnmir, eyni zamanda, gələcəkdə ailə qurmaqda çətinliklər, gender zorakılığı və insan alveri kimi sosial təhlükələrin də əsasını qoyur”.

O qeyd edib ki, Azərbaycanda selektiv abort hallarının əsas səbəblərindən biri ailələrdə hələ də mövcud olan sosial və mədəni stereotiplərdir. “Oğlan uşaqları ənənəvi olaraq varis, ailənin təminatçısı və nəsil davamçısı kimi qəbul edilir. Bu düşüncə, xüsusilə, kənd yerlərində daha güclü hiss olunur. Qızların ərə getdikdən sonra “başqa ailəyə keçməsi” anlayışı valideynlərdə iqtisadi və psixoloji narahatlıq yaradır. Nəticədə bəzi ailələr qız övladına sahib olmaq istəmir. Bu da cinsə görə abortlara gətirib çıxarır. Bu kimi dərin köklü sosial stereotiplərlə mübarizə yalnız qanunvericiliklə deyil, eyni zamanda, təhsil və ictimai maarifləndirmə vasitəsilə aparılmalıdır. Gender bərabərliyinin təbliği bu istiqamətdə əsas strategiyalardan biri ola bilər”, - deyə M. Məcidova diqqətə çatdırıb.

Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova isə bildirib ki, son illərdə ölkəmizdə selektiv abortların artması ciddi sosial və demoqrafik narahatlıq doğurur: “Cinsiyyət əsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir. Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir. Hüquqi müstəvidə selektiv abortlar birbaşa qadağan edilməsə də, bu sahədə mövcud nəzarət və monitorinq mexanizmləri kifayət qədər təsirli deyil. Özəl tibb sektorunda isə bu məsələdə daha ciddi boşluqlar müşahidə olunur. Belə halların qarşısının alınması üçün hüquqi tənzimləmələrlə yanaşı, praktikada icra mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var”. Onun sözlərinə görə, statistik göstəricilərdə də bu tendensiyanın izləri görünməkdədir. “Rəsmi abort statistikalarında cinsiyyətə dair məlumatlar yer almasa da, doğulan uşaqların cins nisbətləri əsasında selektiv abortların mövcudluğu müəyyən olunur. Belə ki, bəzi illərdə oğlan uşaqlarının doğulma nisbətindəki süni artım bu sahədə narahatedici gedişatı göstərir. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” bu istiqamətdə müsbət addım sayılsa da, onun praktiki tətbiqində ciddi çatışmazlıqlar qalmaqdadır. İndiyə qədər həyata keçirilmiş tədbirlər selektiv abortların qarşısının alınmasında gözlənilən nəticələri verməyib. Milli Məclisin üzvü olaraq, bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qurumları daha səmərəli tədbirlərin görülməsi üçün koordinasiyalı fəaliyyətə çağırıram. Cinsiyyətə əsaslanan abortların qarşısının alınması, təkcə hüquqi məsələ deyil, həm də sosial ədalət və gender bərabərliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə A. Veysəlova vurğulayıb.

O deyib ki, Azərbaycanda selektiv abort birbaşa qanunla qadağan edilməsə də, mövcud qanunvericilik çərçivəsində bu problemin qarşısını almaq üçün bəzi addımlar atılıb: “2023-cü ildən etibarən Ailə Məcəlləsinə və “Səhiyyə haqqında” Qanuna edilən təkliflər selektiv abortlara dolayı şəkildə toxunur. Mütəxəssislər hesab edirlər ki, hüquqi islahatlar yetərli deyil. Hüququn tətbiq mexanizmləri, xüsusilə, özəl klinikalarda nəzarət sistemlərinin gücləndirilməsi zəruridir. Qanunverici tədbirlərlə yanaşı, ailə və cəmiyyət səviyyəsində gender bərabərliyinin təşviqi, qız uşaqlarının dəyərini artıran maarifləndirici proqramların həyata keçirilməsi də vacibdir. Bu, selektiv abortlara qarşı davamlı və effektiv mübarizənin əsasını təşkil edə bilər”.

Digər çıxış edənlər - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafik məsələlər sektorunun müdiri Nailə Verdiyeva, AQUPDK-nın baş məsləhətçisi Rafiq Mahmudov problemin yalnız statistik və hüquqi deyil, həm də dərin mədəni və psixoloji köklərə sahib olduğunu vurğulayıblar. Onlar ailə institutu, təhsil sistemi və media vasitəsilə gender bərabərliyinin təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələrin yekununda bildirilib ki, bu problemin aradan qaldırılması yalnız dövlət və hüquq səviyyəsində deyil, həm də cəmiyyətin bütün təbəqələrinin iştirakını tələb edir. İctimai Şura üzvlərinin isə fəaliyyətlərində məsələ ilə bağlı verilən təklifləri və əldə olunan nəticələri nəzərə alacaqları diqqətə çatdırılıb.