11 iyul 2025 23:59
95

14 iyul 1969-cu il: Azərbaycandan dünyaya uzanan yolun başlanğıcı  

Dövlətçilik tariximizə  «Heydər Əliyev yolu» kimi yazılan  salnaməni   uğurları ilə zənginləşdirən  Prezident İlham Əliyev ata vəsiyyətinə sadiq qaldı , Azərbaycanı dünyaya tanıtdırdı

«1969-cu il iyulun 14—Bastiliyanın alınması günündə Bakıda Azərbaycan  Kommunist Partiyası MK-nin Plenumu açıldı. Yayın  dözülməz bürküsündən nəfəsi daralan şəhərə  bundan bir gün əvvəl Sov. İKP. MK-nın katibi  İvan Vasilyeviç Kapitonov gəlmişdi. O partiyanın kadr məsələlərinə baxan əsas şəxs idi və onun səfərləri adətən yeni rəhbərlikdə  dəyişikliklərlə  bağlı olurdu . Bakıya səfəri də  istisna deyildi.» ( Nikolay Zenkoviç. Heydər Əliyev. Tale yolları.)

Əslində burada gizli saxlanılması  elə bir məsələ də yox idi. Azərbaycanda hamı bilirdi ki,  on il respublikaya başçılıq etmiş Azərbaycan KP. MK-nın Birinci katibi, Vəli Axundov vəzifədən gedir.

Yeni katibin kimliyi ilə bağlı  ictimai rəy  müxtəlif  olsa da  sual dəyişilməz idi:  Birinci katibi kim əvəz edəcək?

 … Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki,  vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı  fikir, rər öyrənilir,  nəzərə alınmasa belə yeni kadr barədə   müəyyən  fikir formalaşırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi  Komitəsinin (DTK) sədri  Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini  bu sözlərlə bildirmişdi:  «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»

Bu seçim təsadüfi deyildi. O dövrdə İttifaqda  DTK  böyük nüfuza malik idi.  Azərbaycanda bu sahəyə başçılıq edən  Heydər Əliyev onun üçün gözlənilməz olmuş bu xəbərə  münasibətini bu sözlərlə bildirmişdi: «Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmaq asan iş deyil. Ona görə də istəmirəm.» 

 Sonradan bu görüşün təfərrüatlarını xatırlayan Heydər Əliyev söyləyirdi ki,  ki,   Sov İKP MK-nın Baş katibi Leonid İliç Brejnev onun etirazlarını qəbul etməmişdir: « Hiss olunurdu ki,  o özü üçün artıq qərar qəbul edib. Siyasi Büro da mənim namizədliyimi müzakirə edərək vahid rəyə  gəlmişdi ki,  respublikanın indiki vəziyyətində ən münasib namizəd  Əliyev olar…Yəqin ki,  mənim üstünlüyüm  DTK-da  işləməyim, şəxsi  işimin təmizliyi, qazandığım etimad,  azərbaycanlıların sevgisi idi.»

 Beləliklə, 14 iyul 1969-cu ildə  keçirilən  plenumda  Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi.

 Təhsili etibarı ilə tarixçi olan bu şəxs, şübhəsiz ki, öz ölkəsinin əsrlərə  söykənən keçmişini  yaxşı bilirdi. 25 il məxfi xidmətdə çalışdığından xalqının  digər - daim dəyişdirilən və hər yeni rəhbər üçün onun ürəyi istəyən tərzdə  yenidən yazılan əsl tarixindən xəbərdar idi. O dövrün tələbi başqa idi. Kremldə oturanlar göstəriş verirdilər ki, Azərbaycan xalqının hansı məhşurlarını  sevilən qəhrəmanlar hesab etmək olar, hansıların yox.  Lakin Heydər Əliyev bilirdi ki, xalqın taleyində yeri, izi, rolu olanları  mənfi, müsbət anlamda kateqoriyalara bölmək tarixin özünə xəyanətdir

  Respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı   və canından artıq sevdiyi  xalqı üçün məsuliyyəti  öz üzərinə götürən  Heydər Əliyev bilirdi ki,   məxfi xidmət orqanının başçısı olmağın  məsuliyyətindən fərqli olan  respublikaya rəhbərlik ikiqat çətindir. Ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın  maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi.  İttifaq miqyasında  geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən,   böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq,  işinə məsuliyyət , vətəndaşlıq borcu  bütün çətinliklərə üstün gəldi. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu  sözləri  oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki,  bu  millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu  Əliyev oldu. 

İlk gündən illərdən bəri yığılmış problemlərin həlli yollarını müəyyənləşdirən respublikanın rəhbəri Heydər Əliyev   Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.

   Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə.  Birinci mərhələdə respublikada aparılan inkişaf sürətinə  görə  «Azərbaycan iri addımlarla  irəliləyir!» şüarının həyatımızın bütün sahələrinə  şamil olunması Ulu Öndər Heydər Əliyev qətiyyətinin  nəticəsi idi.  Bütün respublikaların  eyni mərkəzdən, Kremlin göstərişlərinə uyğun planlı iqtisadiyyat üzrə idarə olunduğu bir məqamda adi qərarın belə sərbəst  qəbulu üçün  cəsarət tələb etdirildiyi bir zamanda Ulu Öndərin  Azərbaycanın gələcəyi naminə apardığı  siyasət qarşıdakı onilliklərə hesablanırdı. Heç bir müttəfiq respublika  rəhbərinin adi təşəbbüs qaldırmağa  imkanının olmadığı  o illərdə Azərbaycanın dotasiyasız yaşayan  respublika olduğunu, ölkənin   istehlakdan artıq məhsul istehsal etdiyini  uğurlu  dövlətçilik təcrübəsi ilə təsdiqləyən Heydər Əliyev  ən kiçik imkandan  istifadə etməklə qüdrətli Azərbaycanın müstəqilliyi üçün zəmin hazırlayırdı. Respublikaya rəhbərliyə başladıqdan sonra xalq təsərrüfatının bütün sahələrində  gedən prosesləri sürətləndirən, milli gəlirdən istifadəni düşünülmüş şəkildə tənzimləyən Heydər Əliyev   neft, yanacaq- energetika  sahəsinin inkişafına xüsusi diqqətlə yanaşırdı.   Qəsa müddətdə ölkə    sənayesinin inkişafı naminə kompleks proqramlar həyata keçirildi,  strateji istiqamətlər  qabaqcıl beynəlxalq  təcrübəyə əsasən təkmilləşdirildi.  Yenilikləri liderlik təfəkkürü, bacarığı ilə  təsdiqləyən  Ulu Öndərin təşəbbüsü ilə  o zamanlarda  nəinki Qafqazda, Rusiyanın ən iri şəhərlərində belə olmayan  məişət kondionerləri zavodunun inşası Azərbaycan üçün böyük nailiyyət idi. Sonralar «Bilirsiniz,  mən xoşbəxtəm ki, bizim  zavodun tikintisində  əməyim olub.  Həmin zavod artıq on beş ildir işləyir, çoxdan öz xərcini çıxarıb, respublikaya mənfəət  gətirir. Bir dəfə Afrikanın lap cənubuna, Mozambikə  səfər etmişdim və orada Azərbaycan kondisionerlərini gördüm. Sonralar Bakı markası ilə  kondisionerlər planetimizin ən müxtəlif nöqtələrində- Koreyada,  Vyetnamda,  Anqolada rastıma çıxırdı və mən gördüyümüz işə  görə  həqiqətən, iftixar hissi duyurdum» söyləyən Ulu Öndər  Azərbaycanı dünyada tanıdan xarici əlaqələrin əsasını qoydu.  Bu baxımdan Azərbaycanın tarixində  «Əliyev dövrü ən məhsuldar illər olub» deyimində böyük  həqiqət vardır. Respublikaya yenilik ruhu ilə rəhbərlik  edən,  sosial-iqtisadi, mədəni həyatın bütün sahələrində müasir texnologiyaların tətbiqinə çalışan Ulu Öndər  Azərbaycan iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesini inkişaf etdirdi.         Ölkəyə başçılıq etdiyi birinci mərhələdə  yanacaq-energetika kompleksinin inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla  aqrar ölkə kimi tanınan Azərbaycanı  sənaye ölkəsinə çevirdi.   Neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi. 1970-ci ildən başlayaraq  yeni yataqların kəşfi,  müasir qazma metod və üsullarının  Azərbaycanda tətbiqi gücləndirildi.  Təcrübəsi İttifaq miqyasında  nümunə göstərilən Heydər Əliyevin təşəbbüskarlığı  və müəllifliyi ilə  tərtib olunan «Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» proqramı planlı şəkildə  həyata keçirildi. Onun xidmətləri sayəsində   Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1993-cü ildə  müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı ilə  «Əsrin müqaviləsi»nin imzalanmasına nail olan Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi ilə  xalqlar arasında  əməkdaşlıq, dostluq və  həmrəylik körpüsü yaradıldı.

Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını diqqətdə saxlayan  Ulu Öndəri əbəs yerə türk  dünyasının böyük oğlu adlandırmırlar.  Azərbaycana rəhbərliyi illərində milli təfəkkürü formalaşdıran, mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün vətəndaşlıq yanğısı ilə xalqına bağlılığını hiss etdirən  müdrik siyasətçi Azərbaycana rəhbərliyinin  birinci dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq respublikamıza intibah dövrünü yaşatdı.
 Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı  bir dövrdə rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-posixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı. İdarəetmə strukturlarında çalışan məmurların milli kadrlar hesabına formalaşdırılmasına diqqət artırıldı. 

  Bütün hallarda  Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi  məktəbi yaratmaqla milli hərbi  kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir  xidmət sahəsi yoxdur ki,  orada Ulu Öndər  Heydər Əliyevin daim öyündüyü  Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət etməsinlər. Bu baxımdan  hərbi məktəbin məzunlarının da qəhrəmanlıq göstərdiyi  44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə  Ulu Öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin  müxtəlif ixtisaslara yiyələnmələri üçün  keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyev  1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra  da ilk  diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur. 

 Totalitar sistemin yaratdığı çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlara sərbəst düşünmək və təşəbbüslərini  tam ifadə edə bilmək imkanı yaratdı. Görkəmi ilə nümunə göstərilən mədəniyyət ocaqları inşa olundu, tarixi şəxsiyyətlərimizə hörmət əlaməti olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı.  Milli məfkurə, azərbaycançılıq ideologiyası  formalaşdı.  Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin təşəbbüskarı da  uzaqgörən siyasətçi Heydər Əliyev idi. Onun  səyi ilə  1978-ci il  Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə geniş tətbiqi,  klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.

              Onun Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə  respublikanın   250-dən çox sənaye müəssisəsində  istehsal olunan 350 adda  müxtəlif ünvanlı  sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu.   Ağıl və zəkasından  mənəvi silahı kimi  istifadə edən,  təcrübəsi, siyasi bacarığı, fenomen istedadı ilə fərqlənən tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər sırasında adı çəkilən Ümummilli Lider Heydər Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığı  müasir Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.

 Kremlin təzyiqlərindən qorxmayaraq  fərdi təqaüdçü kimi 20 Yanvar hadisələrinə etirazını Moskvada Azərbaycanın Daimi  Nümayəndəliyindəki tarixi çıxışı ilə bildirən Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə   qayıtmaqla adını müstəqilliyimizin əbədi qarantı kimi tarixə yazdı, vətəndaşlıq sevgisini,   dünya şöhrətli   dövlət xadimi olduğunu qətiyyətli islahatları ilə  təsdiqlədi.

 Amma o illərdə milli xəyanətkarlarımız Heydər Əliyev dühasından qorxaraq onun hakimiyyətə qayıdışını özlərinin məhvi hesab edərək ölkədə çaxnaşmalar yaratdılar. O vaxt iqtidarda olan  AXC-Müsavat  cütlüyünün xəyanətkarları təxribatlarla, Gəncə hadisələrini törətməklə Ulu Öndərin Bakıya qayıtmasına mane olmağa çalışdılar.  

   1995-ci il iyunun 15-də  Ali Sovetin Sədri seçilən   Heydər Əliyevə  «Heydər bəy, ... Sizin Ali Sovetin Sədri olmağınız vəziyyətdən çıxmaq üçün bizə - mən bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma, bütünlüklə Azərbaycan xalqına qarant verə bilərsiniz, yoxsa yox?» kimi  xəyanətkar suallara  qətiyyətlə cavab verən  Ulu Öndər  bildirmişdi ki, Bakıya öz vicdanımın, ən çox da xalqın  təkidi və tələbi ilə, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə dəvət olunmuşamsa, demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm:  «Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin müzakirəsində cürbəcür sözlər deyib, by məsələnin ayrı-ayrı istiqamətlərə yönəldilməsi məndə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm… Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir.»

 Belə də oldu,  Azərbaycan Ali Sovetinin  Sədri, sonra isə  Prezident kimi, o ağır günlərdə xalqı çətinliklərdən, Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas edən Ümummilli Lider  Heydər Əliyev 

  1994-1995-ci illərdə  dövlətçiliyimizə qarşı törədilən cəhdlərin qarşısını almaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər Azərbaycanın iqtisadi inkişafı və müstəqilliyinin əbədiliyi üçün başlıca şərt olan neft strategiyasını hazırlamaqla gələcəyimiz üçün etibarlı  təməl yaratdı. «Üç dəniz əfsanəsi»nin gerçəkliyinə  inanmayanlara, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırmaqla Azərbaycanın dünya birliyində yerini müəyyənləşdiridi.   Sonralar neft strategiyasının uğurlarından olan TANAP, Cənub Qaz Dəhlizi, TAP kimi  önəmli layihələrin reallaşması, Azərbaycan və Türkiyənin birgə səyi ilə  türk xalqlarının birlik və həmrəyliyi  möhkəmləndirildi.

… Sadalananlardan  və tarixdə özündən sonra  iz qoyub, dövlətçilik məktəbi yaradanların təcrübəsindən aydın olur ki,  onlar  rəhbərliyi şərtləndirən «liderlik kapitalı» və  «liderlik  şəraiti» tələblərinə uyğun fəaliyyət göstərmişlər. «Liderlik kapitalı»nı  özündə birləşdirən perspektivi görmək,   müdriklik, cəsarət,  inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyəti yaratmaq bacarığı  və dəyərlər sistemi Ulu Öndər Heydər Əliyev məktəbinin  varislik ənənəsidir.

 Liderlik  şansını qazanan müdrikin ən böyük xidməti özündən sonra  xalqın etimadını doğruldacaq davamçısını yetişdirməsidir.  Ümummilli Lider Heydər Əliyev  bu sahədə də zəkasına, dövlətçilik təcrübəsinə güvəndi. 2003- cü ildə  keçirilən prezident seçkiləri ərəfəsində  xalqa  ünvanlanmış  tarixi  müraciəti ilə Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyinin əbədi, göstərdiyi xidmətlərin davamlı olmasını istəyən dahi Heydər Əliyev  davamçısı  və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi.  Müdrik siyasətçi Heydər Əliyev məktəbini layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünya birliyində qüdrətli  dövlət kimi  tanıtmaqla, İkinci Qarabağ müharibəsini və  2023-cü ilin sentyabrında  birgünlük lokal antiterror tədbirlərini  Qələbə ilə başa vurmaqla Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.

Xuraman İsmayılqızı, «İki sahil»