ABŞ-nin San-Antonio şəhərində ABŞ Prezidenti Donald Trampı hədələməkdə ittiham olunan 52 yaşlı şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Texas ştatının Qərb dairəsinin prokurorunun ofisi məlumat yayıb.
İstintaqın məlumatına görə, saxlanılan Robert Errera Trampın seldən zərər çəkmiş ştata səfəri zamanı "Facebook"da onu hədələyən şərhlər paylaşıb.
O, paylaşımın altına "mən hədəfdən yayınmayacağam" ifadəsini yazıb və Trampın sui-qəsd günü (2024-cü il iyulun 13-də) çəkilmiş şəklini əlavə edib.
Başqa bir paylaşımda o, avtomat və patron darağı şəklini əlavə edib.
Errera həmin gün saxlanılıb. Onu ittihamların hər biri üzrə beş ilə qədər həbs cəzası gözləyir.