ABŞ sanksiyalarının aradan qaldırılması Suriya üçün yeni strateji başlanğıcdır. ABŞ Suriyanın hər hansı bir şəkildə bölünməsinə və ya federallaşmasına qarşıdır.
“İki sahil” SANA xəbər agentliyinə istinadla bildirir ki, bunu ABŞ-ın Livan və Suriyadakı xüsusi elçisi Tomas Barak deyib.
“ABŞ prezidenti Donald Tramp administrasiyasının mayın 13-də sanksiyaların ləğvinin məqsədi on ildən çox davam edən müharibədən sonra Suriya xalqına yeni bir ümid bəxş etmək idi”, - deyə xüsusi elçi vurğulayıb.
Amerikalı xüsusi elçi əlavə edib ki, Prezident Trampın mesajı sülh və rifahdır. Ölkə siyasətində bu dəyişiklik yeni Suriya rəhbərliyinə dövləti yenidən qurmaq üçün bir fürsət təqdim etməyə yönəlib. T.Barak qeyd edib ki, ABŞ-ın Suriyaya müdaxiləsinin əsl məqsədi İŞİD-ə qarşı mübarizə olub.
Tomas Barak ABŞ-ın Suriyada “federal modelin” tətbiqinə qarşı olduğunu, ölkənin bir orduya və bir hökumətə sahib olmasının vacibliyini bir daha bildirib. Suriyada “muxtar bölgələr” məsələsinə toxunan Barak vurğulayıb ki, ABŞ heç kimə şərt diktə etmir, lakin “separatçı nəticəni” dəstəkləməyəcək.
Ötən çərşənbə günü Suriya hökuməti bəyan edib ki, ölkənin ərazi bütövlüyünü və birliyini möhkəmləndirəcək istənilən təşəbbüsü, o cümlədən Suriya Demokratik Qüvvələri ilə əməkdaşlıq yollarını alqışlayır. Bildirib ki, hökumət “vahid Suriya, bir ordu, bir hökumət” prinsipinə sadiqliyini bir daha təsdiqləyir, hər hansı bölünmə və ya federallaşma formasını qəti şəkildə rədd edir.