14 iyul 2025 09:09
100

Çexiyalı siyasətçilər ABŞ-ın tarif siyasətini tənqid ediblər

Avqustun 1-dən etibarən ABŞ-ın Avropa mallarına 30 faiz həcmində rüsum tətbiq etmək qərarı Çexiyada ciddi narazılığa səbəb olub. Siyasətçilər və iqtisadçılar bu birtərəfli addımın Trans-Atlantik münasibətlərə zərbə vuracağını və iqtisadi sabitliyi ciddi şəkildə sarsıdacağını bildiriblər.

“İki sahil” xəbər verir ki, Avropa Parlamentinin deputatı, “Rəhbərlər və müstəqillər” hərəkatının üzvü Danuşe Nerudova qeyd edib ki, Avropa Komissiyası ABŞ ilə ticarət münasibətlərində kompromis əldə etməyə dəfələrlə cəhd göstərib. O, Prezident Donald Trampın qərarının arxasında duran ideologiyanı da tənqid edərək, bunun “bizi 1990-cı illərə geri qaytardığını” deyib.

Avropa Parlamentinin digər deputatı Tomaş Zdexovski rüsumların tətbiqini “ABŞ tərəfindən təkəbbürlü təzyiq” kimi dəyərləndirib və bunun tərəfdaşlıq dialoqundan uzaq olduğunu bildirib. O, yaxınlaşan ticarət müharibəsinin hər iki tərəfə ziyan vuracağını deyərək, Avropa İttifaqını qətiyyətli cavab verməyə çağırıb.

Çexiya parlamentində təmsil olunan ANO partiyasının sədr müavini Karel Qavliçek televiziyada çıxışında vəziyyəti Avropa İttifaqının uğursuzluğu kimi dəyərləndirib. O, Böyük Britaniyanın ABŞ ilə daha sərfəli şərtlərlə razılıq əldə etdiyini xatırladıb.

Çexiyanın keçmiş maliyyə naziri Miroslav Kalousek isə xəbərdarlıq edib ki, Tramp əvvəlki təhdidlərindən daha yumşaq tariflər tətbiq etsə belə, Avropa ixracatçıları ABŞ bazarında rəqabət qabiliyyətini itirə bilər.

Çexiya Baş naziri Petr Fiala isə bildirib ki, elan olunmuş 30 faiz tariflər Aİ ilə ABŞ arasında ticarət münasibətlərinə mənfi təsir göstərəcək. Danışıqları davam etdirmək lazımdır.