14 iyul 2025 21:36
120

Maarifçiliyin daşıyıcıları: Azərbaycan publisistlərinin pedaqoji irsi

Görkəmli publisist Həsən bəy Zərdabinin çox dəyərli bir kəlamı var: “Xalqı xilas edəcək yeganə yol elmdir, maarifdir.”

Bu fikir yalnız onun deyil, bütün bir dövrün ziyalılarının, ,publisistlərinin həyat amalına çevrilmişdi. Azərbaycanın maarifçi publisistləri yalnız yazmaqla kifayətlənmir, onlar təhsil meydanında da ön cəbhədə idilər. Onlar yalnız qələm sahibləri deyil, həm də yazdıqları, danışdıqları da dərs olan müəllimlər idilər. Bütün ömürlərini yalnız xalq üçün, bu millətin gələcəyi üçün fəda etməyə hazır olan müəllimlər.

 Həsən bəy Zərdabi demişdir: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim, müəllimlik!”

Görkəmli publisist, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi özü də məhz bu şərəfli sənət adlandırdığı müəllimlik peşəsinin, şərəfli nümayəndələrindəndir. O müəllim ki, teatr tamaşaları təşkil edərək əldə olunan gəliri yoxsul tələbələrə yardım məqsədilə istifadə edib. O müəllim ki, yaşadığı dövr üçün inqilabi bir yanaşma olmağına baxmayaraq qızların da təhsilinə önəm verib. O müəllim ki, uşaqların məhz ana dilində təhsil almaları üçün dayanmadan çıxış edib.

Həsən bəy Zərdabinin şərəfli müəllimlik yolu  Bakı gimnaziyasında təbiət elmləri fənni üzrə dərs tədris etməklə başlayıb. Həsən bəy Zərdabi ilə bağlı xatirələrdən məlum olur ki, o hətta bəzən öz ailəsinin ehtiyaclarını kənara qoyaraq, tələbələrin təhsilinə pul xərcləmişdi. Görkəmli publisistimizin bu əməlləri xalqın gələcəyini- təhsilli gəncləri hər şeydən, hətta ailəsinin ehtiyaclarını, şəxsi həyatını ikinci plana atacaq qədər çox düşündüyünün bariz nümunəsidir.

Bu məqamda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin möhtəşəm bir sitatını vurğulamaq lazım gəlir. “Mən istərdim ki, hər bir müəllim öz şagirdini övladı qədər sevsin, xalqını isə övladından da artıq”.

 Həsən bəy Zərdabi hər iki yolda xalqın savadlanması uğrunda mübarizəsini dayandırmayıb. Gələcək nəsillərə işıq yolu olub. Firidun bəy Köçərlinin müəllimi gələcəyə işıq salan mayak, nur adlandırdığı kimi.

 Firidun bəy Köçərli uzun illər Şuşada və Şəkidə müəllimlik etmiş, gənclərə ədəbiyyatı sevdirmişdi. O, müəllimləri yalnız bir peşə sahibi deyil, cəmiyyətin maariflənməsində əsas rol oynayan şəxslər kimi qiymətləndirirdi. O, yazırdı: “Müəllim məktəbin canı, camaatın çırağıdır. O, öz peşəsini sevməli, şagirdlərini övladı kimi istəməli, xeyir verən biliklər aşılamaqla əhalinin rəğbət və məhəbbətini qazanmalıdır”.

Bu şərəfli peşənin nümayəndələri arasında Cəlil Məmmədquluzadə,  Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Sultan Məcid Qənizadə və onlar kimi digər görkəmli publisistlərin də adları yer alır. Onların hər biri təhsilin xalqın nicat yolu olmasının tərəfdarı idilər.

“Molla Nəsrəddin” jurnalının baş redaktoru,  satirik publisistik yazıların müəllifi Cəlil Məmmədquluzadə də, həmçinin Naxçıvanda, Ordubadda və digər bölgələrdə müəllim kimi çalışıb. Hətta Cəlil Məmmədquluzadənin müəllimlik etdiyi bir dövrdə qələmə aldığı “Danabaş kəndinin əhvalatları” əsəri onun pedaqoji baxışlarının bədii təcəssümüdür. O, əsərdə cəhalət və mövhumatın hökm sürdüyü bir kənd mühitini təsvir edərək, təhsilin və maarifin  əhəmiyyətini ön plana çıxarırdı. Satirik dillə, müəllimlik hikməti ilə savadsızlığın və avamlığın  insan həyatında necə fəlakətlərə səbəb olduğunu göstərir, insanları elmə, biliyə səsləyirdi. Cəlil Məmmədquluzadə xalqın savadlanmasını “millətin əbədi yaşamaq hüququ” kimi qiymətləndirirdi. Ondan bir qədər əvvəl yaşamış Mirzə Fətəli Axundzadə isə belə hesab edirdi: “Camaat tərbiyə olunmasa, heç bir şey düzəlməz”. Bu fikir görkəmli publisistimizin müəllimlik və pedaqoji baxışlarının dərin ifadəsidir.

 Mirzə Fətəli Axundzadə pedaqoji fəaliyyətinə Tiflis şəhərində müfəttiş və müəllim olaraq başlamış, əlifba layihəsi hazırlamış və bu sahədə müəllimlik borcunu yerinə yetirməklə həm də gələcək nəsillərin düşüncəsinə yön vermişdir.

 Mirzə Fətəli Axundzadə xüsusilə qadınların  təhsilə cəlb olunmasının vacibliyini qeyd edərək yazırdı: “Ey camaat! Qadınları həbsdə və örtükdə saxlamayın! Onları tərbiyəsiz qoymayın, onlara zülm və haqsızlığı rəva görməyin.”

 Azərbaycan pedaqoji fikir tarixində xüsusi yeri olan publisistlərdən biri də  Sultan Məcid Qənizadədir. Qənizadə uzun illər müxtəlif məktəblərdə dərs demiş, Azərbaycan dilində tədrisin inkişafı üçün çalışmış, ana dilində dərsliklərin hazırlanmasına xüsusi önəm vermişdir. Təsadüfi deyil ki, ədəbiyyat və təhsil tədqiqatçıları onu Azərbaycan xalqına ən çox xidmət göstərmiş pedaqoqlardan biri kimi qiymətləndirirlər. Onun əsas məqsədi  xalqın düşüncə tərzinin inkişaf etdirilməsi və mədəni dirçəlişin təhsillə mümkün olacağına dair inamı yaymaq olmuşdur.

Şübhəsiz ki, bu çağırışların hər biri zamanla cəmiyyətin oyanışında, maariflənməsində mühüm rol oynadı. Yalnız publisist kimi deyil, müəllimlik yollarında da gələcək üçün özlərindən sonra qoyduqları ən qiymətli miras, şagirdləri və tələbələri oldu. Necə deyərlər: “Müəllim cəmiyyətin qurucusudur”.

Gülbəniz  Bayramova,
Bakı Slavyan Universitetinin 2-ci kurs Jurnalistika tələbəsi