KÖŞƏ

Vəli İlyasov

15 iyul 2025 00:38
157

Azərbaycan Makron imperiyasını laxlatdı

Özünü Avropanın jandarmı, dikbaş və qoçu rolunda aparmaq istəyən Fransa Prezidenti Emmanuel Makron dənizaşırı ölkələrdə yanlış siyasəti və məzlum xalqlarla kobud rəftarı ilə ölkəsini məğlub duruma salıb. İmpeiyanın havalandırdığı bu adam milyonlarla insana etdiyi  zülmün məntiqi sonluğunu ya görmürdü, ya da heç görmək istəmirdi. Ancaq tarix öz “dərsi” ilə ona bunu xatırlatdı.

Yeni Kaledoniyanın statusu ilə bağlı iyulun 12-də Parisdə imzalanan layihə əslində təkcə Fransanın dənizaşırı ərazilərində deyil, bütün dünyada dekolonizasiya hərəkatı üçün mühüm dönüş nöqtəsi oldu. Çünki Fransa illərlə möhkəm saxladığı və məhz “toxunulmaz” adlandırdığı imperiya hüdudlarında ilk dəfə açıq şəkildə geri çəkilməyə məcbur qaldı və Yeni Kaledoniyanın öz müqəddəratını təyin etmək yolunda real addımlar atmasına razılıq verdi.
Müstəqillik yolunda başlanan bu prosesdə  Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun oynadığı mühüm rol isə beynəlxalq münasibətlər tarixində yeni bir səhifə açır. Məhz Azərbaycanın kanak xalqına göstərdiyi dost köməyi nəticəsində təcavüzkar Fransanın təzyiqi əhəmiyyətli dərəcədə azaldı. İşğalçı məcburiiyyət qarşısında geri çəkilərək kanaklarla sənəd imzalamalı oldu.

İmzalanan layihənin ən əhəmiyyətli məqamı ondan ibarətdir ki, Yeni Kaledoniya “Fransa tərkibində unikal institusional qurum” statusu alır və onun adı, bayrağı, himni və digər dövlətçilik atributları dəyişdirilə bilər. Bundan əlavə, kanak xalqı Fransa vətəndaşlığı ilə yanaşı, öz vətəndaşlığına malik olacaq və ikili vətəndaşlıq hüququ təmin ediləcək.
Fransa uzun müddət ərzində müstəmləkələrinə belə bir status vermir, konstitusiyasını dəyişməz elan edir və dənizaşırı ərazilər üzərində tam hökmranlıq  iddiasından geri çəkilmirdi. Lakin artıq 2025-ci ilin sonuna qədər Fransa öz konstitusiyasına dəyişiklik edəcək və bu dəyişiklik Yeni Kaledoniya üçün hüquqi zəmanətlər yaradacaq. Ancaq əvvəllər belə status tələb edən kanakların başçılarının başı kəsilib Parisə aparılır, üsyançılar dəhşətli işgəncələrə məruz qoyulurdular. Göründüyü kimi, indi vəziyyət kökündən dəyişir.

Kanakların status almaları digər işğal zonaları – məsələn, Korsika adaları üçün də presedent yaradır. Beləliklə, Fransa imperiya siyasətinin özəyini təşkil edən “vahid və bölünməz Fransa” doktrinası real olaraq iflasa uğrayır.

Layihənin danışıqlar mərhələsində və imzalanmasında Fransa Prezidenti Emmanuel Makronun şəxsən iştirak etməsi həm daxili, həm də beynəlxalq təzyiqlərin nə qədər güclü olduğunu göstərir. Çünki 2024-cü ildə Parisin kanaklara qarşı irəli sürdüyü regional seçki dəyişiklikləri ciddi iğtişaşlara və zorakılıqlara yol açmış, Fransanın zülmkar hakimiyyətinin əleyhinə etirazlar dalğası ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurmuşdur.

Bu prosesdə Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun rolu xüsusilə qeyd olunmalıdır. Bakı Təşəbbüs Qrupu, üzv dövlətlərin səsi ilə Fransa və digər kolonial gücləri beynəlxalq platformalarda ardıcıl və prinsipial şəkildə tənqid edərək kanak məsələsini beynəlmiləlləşdirdi. Bakı bu məsələdə yalnız siyasi bəyanatlarla kifayətlənmədi, həm də diplomatik təşəbbüslərlə Yeni Kaledoniyanın məsələsini gündəmdə saxladı, Fransa hökumətini danışıqlar masasına oturmağa məcbur etdi. Parisdə baş tutan danışıqlar və nəticədə əldə olunan razılaşma göstərdi ki, Azərbaycanın kolonializmə qarşı mövqeyi artıq real nəticələr verir və beynəlxalq aləmdə ciddi təsir gücünə malikdir.
Prezident Makron özü də açıq şəkildə etiraf etdi ki, məsələ artıq sadəcə Fransa ilə kanak xalqı arasındakı daxili məsələ deyil, beynəlxalq müstəviyə çıxarılmışdır. Bu isə Azərbaycanın dəstəklədiyi xəttin tam qələbəsi deməkdir. Prezident Makron Azərbaycandan aldığı başgicəlləndirici zərbələrdən sonra geri çəkilməyə məcbur olub. Bu, özünün və işğalçı ölkəsinin dünya miqyasında nüfuzdan düşməsi və iflası deməkdir.

Vəli İlyasov, “İki sahil”