Qərbi Azərbaycanda min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilib. Xüsuilə 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilib, mənimsənilib.
Uzun müddətdən bəri indiki Ermənistan ərazisinin azərbaycanlıların tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir. Erməni vandalizmi təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adı ilə qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ümumiyyətlə, indiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir.
Qərbi Azərbaycan ərazisində mədəni irsin yox edilməsi sistemli, davamlı və məqsədli şəkildə həyata keçirilib. İndiki Ermənistan ərazisində soydaşlarımızın yaşadığı kəndlərin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri - Göy Məscid, Qala Məscidi, Şah Abbas Məscidi də daxil olmaqla 300 dən çox məscid və monumental abidələr məqsədyönlü şəkildə məhv edilib. UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları presedentsiz şəkildə pozulub.
Tarixi Azərbaycan şəhəri olan İrəvanın Təpəbaşı məhəlləsi də məhz bu çirkin niyyətlərin qurbanı olub. Bütün bunlar “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanı və onun nəticələrini əks etdirən kitabda öz əksini tapıb. Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə Azərbaycan irsinin yüz il əvvəl başlanmış və hələ də davam edən sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə mühüm məlumatlar toplanıb.
İyunun 24-də “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimində qeyd olunub ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənib. Barbar ermənilər soydaşlarımızı öz yurdlarından köçürməklə kifayətlənməyiblər, həm də oradakı mədəni irsimizi siliblər, tarixi abidələrimizi məhv ediblər. Bildirilib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Müxtəlif mərhələlərlə həyata keçirilən deportasiyalar zamanı etnik mənsubiyyətinə görə hədəf alınan azərbaycanlıların doğulduqları yerdə yaşamaq hüquqları əllərindən alınıb, maddi-mədəni irslərinə, dini dəyərlərinə qarşı soyqırımı siyasəti həyata keçirilib. Bütün bunların fonunda Ermənistanın bu gün də Qərbi azərbaycanlıların deportasiyası zamanı baş verənlərə etinasız yanaşması regional sabitliyə, beynəlxalq hüquqa zidd addımdır.
Zahid Rza, “İki sahil”