17 iyul 2025 14:12
144

Suriya seçim qarşısındadır

Suriya iyulun 16-da İsrailin həyata keçirdiyi hücumlardan sonra “açıq müharibədən” qaçmaq üçün Əs-Suveydadan qoşunlarını çıxarır.

“İki sahil” xəbər verir ki,  bu barədə CNN Suriya rəhbəri Əhməd əl-Şaraya istinadla məlumat yayıb.

İyulun 16-da səhər o, bəyanat yayaraq İsrailin hərəkətlərini pisləyib və onu ölkə daxilində nifaq salmağa çalışmaqda ittiham edib.

Prezident bütün ölkə vətəndaşlarının müdafiəsini hakimiyyət orqanları üçün prioritet adlandırıb. İyulun 16-da İsrail Dəməşqə bir neçə hava zərbəsi endirib, nəticədə yerli KİV-in məlumatına görə, azı 3 nəfər ölüb, 34 nəfər yaralanıb. Bütün bunlar Əs-Suveyda əyalətində Suriya ordusu ilə druz əhalisi arasında yenidən toqquşmalar fonunda baş verib. Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İran İsrailin hücumlarını pisləyib. Avropa Şurası “dərin narahatlıq” ifadə edib.

“The Washington Post” yazır ki, İsrail hava hücumları Suriya Müdafiə Nazirliyinin binasının bir hissəsini dağıdıb və prezident sarayının yaxınlığındakı hədəfləri vurub. Bəşər Əsədin devrilməsindən bəri İsrail sərhədlərini qorumaq üçün Yaxın Şərq respublikasını mütəmadi olaraq bombalayır. Bununla belə, qəzetə müsahibə verən ekspertlər hesab edirlər ki, Təl-Əvivin dini azlıqların liderləri ilə əlaqə saxlaması və Suriyanın bütün cənubunu silahsızlaşdırmaq tələbi yeni hökumətin suverenliyinə xələl gətirir və bütün regionda sabitliyi pozur. Bu həftəyə qədər Əhməd əl-Şaraa hökuməti İsrailə qarşı az düşmənçilik nümayiş etdirdi və hətta ABŞ vasitəçiliyi ilə danışıqlar apardı. Lakin çərşənbə günü Suriyanın rəsmi mediası ilk dəfə olaraq İsraili yenidən “işğalçı qüvvə” adlandırıb.

Əhməd əl-Şaraa Dəməşqə zərbələrdən sonra o bildirib ki, ölkə indi seçim qarşısındadır: ya “druz vətəndaşlarının həyatı bahasına” İsraillə “açıq müharibə”, ya da "milli maraqları üstün tutmaq” imkanı.