Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasının ikinci yarış günündə Azərbaycan idmançıları dörd idman növü üzrə mübarizə aparacaqlar.
“İki sahil” xəbər verir ki, qız stolüstü tennisçilərdən ibarət yığmamız ABŞ, oğlanlardan ibarət milli komandamız isə Çili idmançıları ilə qarşılaşacaq.
Azərbaycan tennisçisi Kənan Qasımov 1/32 finalda uqandalı Trevor Solomon Kazibve ilə üz-üzə gələcək. Bədii gimnastlar İlona Zeynalova və Kamilla Seyidzadə, eləcə də Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət qrup hərəkətləri komandası öz çıxışlarını davam etdirəcəklər.
Bu gün, həmçinin üzgüçülər Fatimə Alkərəmova, Nihad Yusibov, Rəşad Alquliyev və Səid Həmidov mübarizə aparacaqlar.
Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.