18 iyul 2025 11:51
98

Antonio Quterreş Kiprlə bağlı müzakirələrin konstruktiv keçdiyini bildirib

Kiprlə bağlı “konstruktiv” müzakirələr barədə məlumat verən BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı, iyulun 18-də bildirib ki, əvvəllər razılaşdırılmış dörd etimad quruculuğu tədbiri həyata keçirilib, digər ikisi üzrə texniki işlər davam etdirilir və tərəflər gənclər, ətraf mühit, mədəniyyət, vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

“İki sahil” təşkilatın məlumatına istinadla xəbər verir ki, A.Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Kiprin yunan hissəsinin lideri Nikos Kristodulides və Kipr türklərinin lideri Ersin Tatarı qəbul etdikdən sonra jurnalistlərə açıqlama verib.

Baş katib deyib: “Müzakirələr konstruktiv keçdi. Hər iki lider mart ayında etimad yaratmaq üçün razılaşdıqları altı təşəbbüs üzrə irəliləyişi nəzərdən keçirdi. Bu altı təşəbbüsdən dördünə nail olunub: gənclər üzrə texniki komitənin yaradılması, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslər, məzarlıqların bərpası və son texniki detallar müəyyən edildikdən sonra minaların təmizlənməsinə dair saziş də bağlanacaq. Yerdə qalan məsələlərin ikisi üzrə müzakirələr davam edəcək”. BMT rəhbəri bölünmüş adada dörd keçid məntəqəsinin və bufer zonada günəş enerjisindən birgə istifadə məntəqəsinin açılacağını da bildirib.

Bundan əlavə, liderlər yeni təşəbbüslər, o cümlədən vətəndaş cəmiyyətinin dialoqda iştirakı, mədəni artefaktların mübadiləsi, havanın keyfiyyətinin monitorinqinin yaxşılaşdırılması və mikroplastik çirklənmənin aradan qaldırılması üçün məsləhətçi orqan yaradılması barədə ümumi anlaşma əldə ediblər.

“Bu təşəbbüslərin hamısının bütün kiprlilərin mənafeyi naminə mümkün qədər tez həyata keçirilməsi çox vacibdir”, –deyə A.Quterreş bildirib.

Baş katib, həmçinin sentyabrda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində hər iki liderlə yenidən görüşəcəyini deyib. Bu ilin sonunda eyni formatda daha bir qeyri-rəsmi görüşün keçirilməsi də planlaşdırılır. “Qarşıda uzun bir yol var. Gələcəyin bütün kiprlilər üçün nə demək olduğunu düşünmək vacibdir. Lakin bu addımlar irəliyə doğru gedən yolda dialoqun davam etdirilməsi və bütün kiprlilərin xeyrinə olan təşəbbüslər üzərində işləmək öhdəliyini açıq şəkildə nümayiş etdirir”, - deyə o əlavə edib.

Birləşmiş Millətlər Təşkilatı Kiprin yunan və türk liderləri arasında dialoqu dəstəkləyir və adanın probleminin hərtərəfli və qarşılıqlı məqbul həlli istiqamətində səylərdə mərkəzi rol oynayır. Rəsmi danışıqların bərpasına imkan verəcək kifayət qədər ümumi əsas tapılmasa da, bu məqsədlə dialoq prosesi davam edir, o cümlədən Baş katib və digər yüksəksəviyyəli BMT rəsmiləri tərəfindən təşkil edilən qeyri-rəsmi görüşlər keçirilir.

Bu arada, 1964-cü ildən bəri Kiprdə yerləşən BMT-nin Sülhməramlı Qüvvələri (UNFICYP) adada sabitliyin qorunmasına kömək edir.