Cümə günü, iyulun 18-də Suriyanın cənubundakı Süveyda şəhərinin qərb girişi yaxınlığında silahlı druz fraksiyaları ilə bədəvi qəbilə qüvvələri arasında şiddətli toqquşmalar baş verib.
“İki sahil” xəbər verir ki, Anadolu agentliyinin Suriyadakı müxbirinin verdiyi məlumata görə, döyüşlər Hikmət əl-Həcriyə bağlı druz silahlı qruplarının yaxınlıqdakı bölgələrdən bədəvi ailələrini ərazidən qovması ilə bağlı daha da şiddətlənib.
Gərginlik Suriya hökumət qüvvələri ilə razılığın əldə olunmasından sonra ordu hissələrinin bölgədən qısa müddətə geri çəkilməsindən sonra yaranıb. Buradakı kövrək sakitlik tez bir zamanda – iki gün sonra pozulub. Cümə axşamı gecə saatlarında Suriyada ərəb qəbilələrindən olan yüzlərlə döyüşçünün dəstəyi ilə bədəvi qəbilələri əks hücuma keçərək bir neçə kəndə nəzarəti bərpa edib və silahlı dəstə Süveyda şəhərinin qərb qapısına doğru irəliləyib. Buna cavab olaraq, druz silahlı qrupları geri çəkilərək şəhərin mərkəzində müdafiə xətləri qurublar, qərb cəbhəsində isə atışmalar davam edib.
Suriya keçid hökuməti döyüşlərin hazırkı mərhələsində birbaşa iştirak etməkdən çəkinsə də, onun qoşun birləşmələri əyalət paytaxtına gedən əsas yollara nəzarət edir.
İsrail qüvvələri çərşənbə günü Suriyanın dörd bölgəsində - Süveyda, Dəra, Dəməşq və Dəməşq çölündə 160-dan çox hədəfə hava zərbələri endirib, təkcə paytaxtda 3 nəfər ölüb, 34 nəfər yaralanıb.
Hələ iyunun 13-də Süveydada bədəvi ərəb qəbilələri ilə silahlı druz qrupları arasında toqquşmalar baş verib. Zorakılıq halları getdikcə artıb və druz döyüşçülərinin bölgədə yerləşdirilən Suriya təhlükəsizlik qüvvələrinə ölümcül hücumlarına səbəb olub. Onlarla əsgərin həlak olduğu bildirilir.
Hökumət qüvvələri ilə yerli druz fraksiyaları arasında müvəqqəti atəşkəs əldə olunub, lakin bu razılaşma tezliklə pozulub. Bunun ardınca İsrail hava hücumları Suriya ordusunun mövqelərini və infrastrukturunu hədəf alıb.
Bununla belə, Suriyadakı druz liderlərinin əksəriyyəti vahid Suriya dövlətinə sadiq olduqlarını təsdiq edib.